
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubla bağlı fikirlərini növbəti dəfə bölüşüb. Sportnet.az həmin yazını təqdim edir:
"Neftçi" ilə bağlı illərdi fikirləmizi bildirmişik, davamlı təhlillərimizi etmişik. Dərk edənlər üçün mütəxəssis analizləri məsuliyyət tələb edir, hər bir deyilən sözün mahiyyəti, peşəkar səviyyəsi, doğruluğu yerində olmalıdır. İllərdi aparılan təhlillər özünü yüz faiz doğrultsa da, təəssüf ki, "Neftçi" nəinki müsbətə doğru dəyişmir, əksinə, tarixi klub ildən-ilə nüfuzunu, mövqeyini itirir. 5-10 il öncə deyilənlər bu gün də öz aktuallığını qoruyur.
Bu mövsümlər ərzində növbəliklə eyni istiqamətdən dəyişən saysız-hesabsız rəhbər heyət, məşqçilər korpusu, gətirilən-göndərilən futbolçular, havaya sovrulan milyonlardır. 10 il ərzində kluba minimum 100-150 milyon vəsait xərclənib. Azərbaycan futbolu şərtlərinə görə fantastik rəqəmdir. Müasir futbolda maliyyə vacib amil olsa da, istənilən sahədə peşəkarlıq, strateji planlaşdırma, düzgün kadr seçimləri, məsuliyyət olmadan ciddi uğurların qazanılması mümkünsüzdür. Bəhanələrlə, azarkeşləri aldatmaqla, vaxt udmalarla "Neftçi" liderlik mövqeyini geri qaytara bilməz. Klubun fəaliyyətinə qiymət dar çərçivədə, məşqçi, futbolçular prizmasından deyil, əhatəli, kompleks şəkildə yanaşılmalıdır. "Neftçi"nin problemi sahələr üzrə deyil, daha qlobaldır. Bunu artıq klubun təsisçiləri, baş sponsor düşünməlidir.
Ən mənfisi, məsləhətlərə qulaq asmaq, nəticə çıxarmaq əvəzinə, eyni xətt üzrə dağıdıcı mühit davam edir, "Neftçi" zirzəmiyə yuvarlandıqca, klub daxilində qazananlar qazanır, əlcək kimi bir-birilərini əvəzləyirlər. İkincilik belə "Neftçi" kimi klub üçün uğursuzluq sayıldığı halda, 7-8-ci sıralarda olmaq rəzalətdir. Uğursuzluq bir mövsüm, maksimum 2 il olar, 10 ildi davam edən klub çöküşü davam edirsə, son dərəcə qəti, radikal addımlar atılmalıdır, əgər "Neftçi"nin dirçəlişi istənilirsə. Çox gecikilib..
"Neftçi" nə qədər zəifləsə də, gec-tez öz böyüklüyü ilə komandanı rəzil vəziyyətə salanları əzib həmişə.Təəssüf ki, itirən "Neftçi" və komandanın sadiq azarkeşləridir.