
"Qələbə qazanmaq istəyirdik, bizə avrokuboklara vəsiqə verən 3-cü yerə yüksəlməkdən ötrü çox vacib 3 xal lazım idi.Təəssüf ki, istifadə edə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un köməkçi-məşqçisi Yunis Hüseynov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandanın çıxışından razı qalmadıqlarını bildirib: "Qol vurduq, amma tezliklə qapımızdan top buraxdıq. Ötən oyunda olduğu kimi, yenə rəqib yox, özümüz öz qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdıq və qola üzüldük.
Bu gün də səhvlərimizdən rəqib komanda yararlandı. Komandamızdan o qədər də razı qalmadıq, yaxşı oyun göstərə bilmədik. Qarşıdakı oyunlara ciddi hazırlaşmaq lazımdır".
"Turan Tovuz"un aşağı pillələrdəki komandalara qalib gələ bilməməsi üzündən 2-3-cü pillələrə yüksələ bilmədiklərini söyləyən Hüseynov psixoloji hazırlığa diqqət çəkib: "Bu barədə biz həmişə müzakirə aparırıq. Futbolçularımızda "Qarabağ", "Sabah" kimi komandalara qarşı köklənmə tam fərqli olur. Belə komandalara gəldikdə, futbolçularımız üçün 100 dəfə təkrarlayırıq ki, tam ciddi olmaq lazımdır.
Demirəm ki, tam ciddi olmurlar. Amma oyunçularda istər-istəməz psixoloji cəhətdən belə hallar baş verir. Deyərdim ki, belə komandalarla oyunlarımız o qədər də yaxşı alınmır. Bunun üzərində işləyirik. Açığı, hər oyundan sonra baş məşqçi Kurban Berdıyev futbolçularla danışır. Amma əfsuslar olsun ki, bunun öhdəsindən hələ gələ bilmirik".
Hüseynov Premyer Liqaya vəsiqə qazanan bütün komandalara, o cümlədən, vaxtilə rəhbərlik etdiyi "Karvan"a uğurlar arzulayaraq, bildirib ki, əyalət komandalarının elitada mübarizə aparmaları və rayonlarda futbolun inkişafı yaxşı haldır. Lakin o, "Turan Tovuz"da özünü xoşbəxt hiss etdiyini və sonadək Berdıyevə kömək edəcəyini vurğulayıb.
Köməkçi-məşqçi "Turan Tovuz"un futbolçularının arxaya ötürmə verməyə meylli olmaları fikri ilə razılaşıb. Onun sözlərinə görə, komandanın ən axsayan cəhəti hücumda çoxala bilməməsidir:
"Hücumda çoxalmayanda qol vura bilməyəcəksən. Ona görə də irəli atılmaq lazımdır. Baş məşqçimiz də bunu dəfələrlə deyir. Hər oyundan əvvəl də müvafiq tapşırıqlar verir. Futbolçuların nəyə görə hücuma getmədiklərini deyə bilmərəm.
Ön xətdə top saxlamaqda çətinlik çəkirik. Çünki həmin vaxt rəqib müdafiəçilər ətrafda çox olur. Müdafiədə top saxlamaqda isə əksinə, belə çətinlik olmur. Futbolçularımızda o bacarıq, potensial sarıdan axsaqlıq var. Ona görə də qol vurmaqda çətinlik çəkdiyimiz halda, asanlıqla top buraxırıq".
Bununla belə, Hüseynov 3-cü yer şanslarının hələ davam etdiyini bildirib: "Qarşıda hələ 4 oyunumuz var. Bu qarşılaşmalarda nələrin baş verəcəyini bilmək olmaz. Fikrimiz 3-cü yer üçün oynamaqdır. Hazırda "Qarabağ" - "Sabah" finalını gözləmədən, özümüzü daha rahat hiss etmək üçün bürünc medallar uğrunda mübarizə aparırıq. Amma bugünkü xal itkisi bizə ciddi təsir edəcək. Fikrimcə, qarşıdakı oyunlarda həm "Turan Tovuz", həm də "Araz-Naxçıvan"ın mövqeyi dəyişə bilər. Əlbəttə, avrokuboklara vəsiqəni arzulayırıq.
Görürsünüz ki, "Turan Tovuz" azarkeşləri həddindən artıq möhtəşəmdir. Klubumuzun rəhbəri Ehtiram Quliyev komanda üçün bütün şəraiti yaradıb.
Komandamızın yaxşı hazırlıq keçə bilməsi üçün Bakının Kürdəxanı qəsəbəsində təbii örtüklü meydan salınıb. Düşünürəm ki, "Turan Tovuz" avrokuboklara vəsiqə qazana biləcək. Buna çox ümidliyəm. Qarşıda oyunlarda, düşünürəm ki, futbolçularımız daha məsuliyyətli və istəkli olaraq, qələbə qazanacaqlar. Buna inanırıq, hər bir futbolçumuza inanırıq".