
"Zirə" klubu bir neçə aparıcı futbolçusu ilə vidalaşa bilər.
Sportnet.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov belə bir variantı istisna etməyib.
Onun sözlərinə görə, oyunçulardan bəzilərinə daha ciddi çempionatlardan təkliflərin olması mümkündür: "Əlimizin altında olan heyətlə bağlı ciddi təhlükə yoxdur. Çünki biz əvvəlcədən işimizi görmüşük. Demək olar ki, bütün futbolçuların müqavilələri var. Bəlkə bir-iki futbolçuya daha ciddi çempionatlardan daha ciddi təklif olar. Bu cür ayrılıqlar ola bilsin, mümkündür. Amma ümumən kollektivi qoruyub saxlaya biləcəyik. Çünki hər bir futbolçunun müqaviləsi var".
Sadıqov gələcək planları yaxın müddətdə klub rəhbərliyi ilə müzakirə edəcəklərini açıqlayıb: "Hər zaman olduğu kimi, yenə də xeyirlisini istəyirəm. Təbii ki, hər bir klub Avropa Liqasında oynamaq istərdi.
Çünki burada mübarizəni dayandırsan, Konfrans Liqasında davam etmək imkanın var. Amma ümumən, harada qarşımıza daha ciddi və daha uyğun rəqibin çıxacağını bilmirik. Bu gün ikinci yeri təmin etdik, ötən tur isə "üçlük"də yerimizə zəmanət almışdıq.
Rəhbərliklə söhbətimiz olmayıb, bütün fikrimiz çempionata yönəlmişdi. Bundan sonra görüşüb-danışacaq, plan və proqramımızı tutacağıq. Təbii ki, biz də mümkün qədər çox mərhələ keçmək istəyirik. Necə alınacağını zaman göstərəcək".
Qeyd edək ki, hazırda "Zirə"nin 12 qolla bombardiri olan Salifu Sumanın aparıcı ölkələrin çempionatlarından birinə mümkün gedişi daha çox müzakirə olunur.