
İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı futbolçusu Kazemironun maaşı Kristianu Ronaldunun maaşına çata bilər.
Sportnet.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna “qırmızı şeytanlar”ın Avropa Liqasını (AL) qazanaraq Çempionlar Liqasına (ÇL) vəsiqə qazandığı halda nail olacaq.
Mənbənin məlumatına görə, braziliyalı futbolçunun müqaviləsində qeyd olunub ki, Mançester təmsilçisi ÇL-ə vəsiqə qazanarsa, onun maaşı həftədə 100 min funt sterlinq artırılacaq. Nəticədə, Kazemironun həftəlik qazancı 500 min funt sterlinq olacaq.
Bu məbləğ klubun sabiq hücumçusu Ronaldunun ikinci dəfə “Mançester Yunayted”ə qayıtdığı dövrdə aldığı maaşa bərabərdir.
Qeyd edək ki, Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “qırmızı şeytanlar” “Atletik Bilbao”nu 3:0 hesabı ilə məğlub ediblər. Cavab oyunu mayın 8-də olacaq.