
"Qarabağ"ın üzvü Amil Rzayev Azərbaycan Premyer Liqasında rekorda imza ataraq 2024/2025 mövsümünün ən gənc futbolçusu olub.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib.
2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la oyundan sonra mətbuat konfransında Rzayevin debütü barədə də danışıb. O, futbolçunun üstün tərəfləri və çatışmazlıqlarına diqqət çəkib: “Ümumən bizim komanda ilə məşqlər edir.
Sadəcə, U-17 və U-19 millilərinin düşərgəsində olduğu üçün bəzən məşqdən kənarda qalır. Amma xeyli məşq edib. Hələ gəncdir, maksimum yükləmələri qəbul edə bilmir. İstənilən halda, perspektivi var ki, əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, bacarığı pis deyil. Ona görə də vaxt lazımdır ki, formalaşsın".