
“Çətin oyun keçsə də, qalib gəldik. Qələbə hər zaman şirindir. Bundan sonrakı oyunlara hazırlaşacağıq. Avrokubok oyunlarımız yaxınlaşır".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis süni ot örtüyü ilə əlaqədar çətinlik yaşadıqlarını bildirib: "Yenə də futbolçularım çox yaxşı oyun göstərdilər. Əlimizdən gələni etdik. Oyunçularımı təbrik edirəm".
Onun sözlərinə görə, rəqibin I Liqaya düşməsinə səbəb çoxlu qol epizodları qaçırmasıdır: "Xüsusilə qış fasiləsindən sonra fərqli komanda gördük. "Səbail"in oyunlar zamanı sonu gətirilməyən hücumları olurdu. Bu oyunda da çoxlu epizodlar qaçırdılar. I Liqaya düşmələrinin də əsas səbəbi kimi bunu demək olar. Ümid edirəm ki, “Qəbələ” kimi ruhdan düşməyəcəklər və bir il sonra yenidən elitaya qayıdacaqlar".
Sadıqov klub tarixində ən çox xalı qazanmalarına belə reaksiya verib: "Ötən mövsüm də yaxşı nəticəmiz var idi. Qarşımızda ikincilik vəzifəsi qoyulmamışdı. Elə vəziyyət yarandı ki, buna nail ola bildik. İmkan olduqca daha çox xal qazanmaq istəyirik".
Baş məşqçi cari mövsümdə ən uğurlu təsir bağışlamaları fikri ilə razılaşmayıb: “Futbolda olan bəzi tələblərlə razılaşmıram. Bunu uzun müzakirə etmək lazımdır. Bizdə 90 dəqiqədən sonra qazanılan nəticəyə baxırlar. Birinci il biz dördüncü olduq, halbuki, üçüncü ola bilərdik. Kimlərsə unuda bilər, mən hakim səhvlərini unutmamışam. 5 il ərzində normal nəticələr qazandıq. Ən uğursuz nəticə 5-ci yeri tutduğumuz mövsüm idi. Onda da 4-cü yeri tutduğumuz komanda ilə xallarımız eyni idi. Bu il bizə qarşı hakim səhvləri çox nadir hallarda olurdu, Ümumiyyətlə, bu il çempionatımızda hakim səhvləri azdır. Ötən mövsümün sonunda da demişdim ki, bu, düzələcək. Bu il biz onun tamamilə bəhrəsini görürük. Etiraz edən komanda və baş məşqçilərin sayı da azdır. Təbii ki, bəzi oyunlardan sonra baş məşqçilər şikayətlənirlər, amma soyuq başla təhlil etdikdə, hakimlərin performansı yüksəkdir. Hər dönəm özünə görə uğurlu “Zirə” olub. Siz imkanlara, zamana görə təhlil aparın. Bəzən hansısa futbolçunun performansı qabardılır. Amma siz baxın ki, onlar bizə gələrkən hansı səviyyədə idilər. Ən uğurlu “Zirə” bu ilkini saymıram. Hər il fərqli inkişafda olmuşuq. Ola bilər, biz növbəti mövsüm yaxşı oynayıb beşinci yeri tutaq. Bu o demək deyil ki, biz uğursuz nəticə qazanırıq. Bu həm də rəqiblərin performansından asılıdır. Buna ən uğurlu “Zirə” deməklə ötən mövsümkü futbolçulara haqsızlıq etmiş olarıq. Rəhbərlik və azarkeşlərə təşəkkür edirəm. Halbuki bu il 7 oyunluq qələbəsiz seriyamız olub".
O, süni örtüklü meydan probleminin də aktual mövzu olduğunu bildirib: "Bəzi klublar daha yaxşı futbolçular gətirirlər. Düşünürəm ki, süni örtüklü meydanlar azalacaq. “Kəpəz”in stadionu hazır olacaq. “Turan Tovuz” da eşitdiyimə görə, dəyişiklik edəcək. Süni örtüyü futbolumuzdan yox etməliyik. İlk dəfə Yusuf Lavalın timsalında əzələnin əməliyyatı ilə rastlaşırdım ki, bu da süni ot örtüyünün zərəridir. Mən də buna qarşıyam. Bunu mütləq birlikdə həll etməliyik. Bizdə də məlumat var ki, AFFA bu yöndə işlər görür. İstəyir ki, bütün komandalar təbii ot örtüyündə çıxış etsinlər. İnanıram ki, yaxın zamanlarda süni örtükdən qurtulacağıq”.
Sadıqov qələbə qazandıqları oyunlarda da öz səhvlərini görmək üçün təhlillər apardıqlarını açıqlayıb: "Avrokuboklarda uğursuz nəticədən sonra komandada eniş oldu. Bunu tapdıq, nə üçün olduğunu çözdük. Mən “Zirə”də olduğum 4 il müddətində qış fasiləsindən sonra enişdə olurduq. Bu il daha çox çalışdıq. Təlim-məşq toplanışına getmədik. Əsasən də üçüncü dövrədə uğurlu çıxış etdik deyə, ikinciliyi təmin etdik. Bəzi oyunlar olub ki, yaxşı oynayıb uduzmuşuq, ya da əksinə".
O, komandasının qapıçısı Tyaqo Silvanın psixoloji durumunda enişin olduğunu söyləyib: "Onunla birəbir görüşlərimiz çox olub. Hər zaman demişik ki, 1 nömrəli qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını Bayramovu da qazandıq. Onun kimi qapıçı 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada dayanırsan. Növbəti sezonda sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız bunu anlayışla qəbul edir. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq".