
"Rəqib istədiyi nəticəni qazandı".
Bunu "Sumqayıt"ın futbolçusu Roi Kehat Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
İsrailli yarımmüdafiəçi komandasının yetərincə qol şansının olduğunu bildirib: "Rəqib 4-cü pillədə qalmaq üçün lazım olan hər şeyi etdi. Oyuna qayıtmaqdan ötrü var gücümüzlə çalışdıq. Yetərincə qol şansımız var idi, amma bacarmadıq. Cərimə meydançası yaxınlığında son nöqtəni qoymaqda çətinlik çəkirdik".
O, komandasının yaxşı mövsüm keçirmədiyini söyləyib: "Yəqin ki, çempionatı 8 və ya 9-cu pillədə bitirəcəyik. Şəxsi statistikam isə pis deyil, demək olar ki ötənilki kimidir. Mövsüm ərzində yaxşı oyunlarımın olduğunu düşünürəm. Yaxşı oynamağa davam etmək üçün çalışacağam və bu baxımdan motivasiyalıyam. Ümid edirəm ki, növbəti mövsüm komandanın daha çox xal qazanmasına daha çox kömək edə biləcəyəm".
33 yaşlı futbolçu "Sumqayıt" karyerasından məmnunluq ifadə edib: "Klubla yeni müqavilə imzalamışam. Özümü burada xoşbəxt hiss edirəm".
Kehat komandanın sabiq baş məşqçisi Vaqif Cavadovun motivasiyalı olduğunu bildirib: "Bu,onun ilk klubu idi. Əminəm ki, Cavadov inkişaf edəcək, zamanla daha yaxşı olacaq".
Kehat mətbuatda futbolçularla Vaqif Cavadov arasında münasibətlərin pis olduğuna dair yazılara reaksiya verməyəcəyini əlavə edib.