
“Bilirəm ki, komandamız Azərbaycana böyük uğurlar bəxş edib. Yeni mövsüm Çempionlar Liqasında yeni tarix yazmaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski deyib.
25 yaşlı “əlcək sahibi” Ağdam klubunun heyətində ilk titulunu qazanmasının sevincini belə bölüşüb: “Bu, mənim “Qarabağ”da ilk çempionluğumdur. Çox qürurluyam. Burada, Azərbaycanda olmaqdan məmnunam. İnanıram ki, kuboku qazanmaqla “qızıl dubl”la da nail olacağam”.
Ötən mövsüm Polşanın ən yaxşı qapıçısı seçilən Koxalski sabiq klubu “Stal”ın elitanı tərk etmə təhlükəsinə də münasibət bildirib: “Buna görə çox üzgünəm. “Stal” yaxşı futbolçular və kollektivə malik komandadır. İstəməzdim ki, belə halla üzləşsinlər. Amma bu, futboldur. Arzu edirəm ki, hər şey onlar üçün yaxşı olsun, tezlikdə əvvəlki günlərinə qayıtsınlar”.
Qeyd edək ki, Mateuş Koxalski ötən yay “Stal”dan 3 illik müqavilə qarşılığında “Qarabağ”a transfer olunub.