
"Lionel Messi və Kriştianu Ronaldunu eyni komandada görmək istəyirəm".
Sportnet.az xəbər verir ki, bunu FIFA-nın prezidenti "IShowSpeed" adlı bloqçunun podkastında deyib.
55 yaşlı funksioner ulduz futbolçular arasında seçim edə bilməyəcəyini söyləyib:
"Onların hər ikisi inanılmaz oyunçulardır. Əgər portuqaliyalısansa, Ronaldunu, argentinalısansa, Messini seçəcəksən. Amma əgər futbol azarkeşisənsə, onların hər ikisini meydanda görmək istəyərsən.
Mən onları eyni komandada görmək istəyirəm. Təsəvvür edin, onların ikisi eyni komandadadır, bu, xüsusi bir şey olardı."
Qeyd edək ki, hazırda 38 yaşlı Lionel Messi ABŞ-nin "İnter Mayami", 40 yaşlı Kriştianu Ronaldu isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.