
“Ayxan Abbasov gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar, bizə xeyli çətinlik yaşatdılar”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis futbolçularının sona qədər mübarizə apardığını söyləyib: “Oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu”.
O, Kataloniya səfəri zamanı "Barselona"nın "Qarabağ"la əməkdaşlığına dair müzakirələrin olmadığını deyib: Sadəcə, onlara hansı metodlardan istifadə etdiyimizi bildirdim. Əlbəttə, biz "Barselona" deyilik, o dərəcədə şəraitimiz yoxdur. Onların bazası çox geniş idi. Bu, böyük bir layihədir, metodlarından istifadə etməyə çalışa bilərik. "Barselona"nın 100 illik tarixi var. Bizim isə böyük turnirlərdəki təcrübəmiz 15-20 ildir. Böyük futbolu hiss etməyə indi başlamışıq. Onlarla bu münasibəti istədiyimiz vaxt qura bilərik. İstənilən halda "Barselona"nın Azərbaycanda belə bir layihəyə imza atması faydalı olacaq. Yaxşı futbolçular, məşqçilər, funksionerlər yetişə bilər. Təki uzunmüddətli iş rejimi olsun".
Baş məşqçi futbolçuları Amin Rzayev və Hikmət Cəbrayılzadənin U-21 millisinə çağırılmalarını şərh edib: “Belə oyunçuların tez böyümələri üçün yuxarı kollektivdə olmaları vacibdir. Qərar verməyi bacarmaq lazımdır. Ayxan Abbasov sağ olsun, gəncləri cəlb edib. Məncə, böyük turnirlərdə, yarışlarda nə qədər tez iştirak etsən, daha yaxşıdır”.
O, mayın 31-də “Sabah”a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyununa ciddi yanaşdıqlarını söyləyib: "Ciddi olmasaydıq, finaladək gəlməzdik. Qarşımızda istəkli komanda var. Müəyyən hazırlıqlarımız olub. Bəzi oyunçulara istirahət verdik. Kuboku qazanmaq istəyirik. Necə olacağını görəcəyik”.
Qurbanov Yassin Benziaya bütün təklifləri etdiklərini vurğulayıb: “Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Qalacaq, çox yaxşı. Ola bilər, karyerasını başqa yerdə davam etmək istəsin. Futbolçularımızın yaxşı olmasını istəyirik. İndiki məqamda finala hazırlaşacağıq. Çempionlar Liqasına II təsnifat mərhələsindən başlamağımız faydalı olacaq. Komandamın bu yarışdan öncə istirahətə ehtiyacı var. I təsnifat mərhələsindən başlasaydıq, tələsə bilərdik. 1 aya yaxın vaxtımız olacaq və işlərimizi görməyə çalışacağıq. Bəzi qərarlar verəcəyik. Gedənlər ola bilər. Gələnlər də vacibdir. Əsas odur, istədiyimiz sayda futbolçunu gətirə bilək”.
Baş məşqçi yerli və legioner oyunçu arasında fərq qoymadığını bildirib: “Tələbimi yerinə yetirən oyunçunun olması vacibdir. Hansı daha yaxşı olsa, ona üstünlük verəcəyəm. Vacibdir ki, qrup mərhələsinə düşsək, keyfiyyətli və geniş heyət olsun. Nəticə vermək üçün ehtiyatda da oyunçularımız olmalıdır”.
Qurbanov Vinsent Abubakar və Ruzgir Manfredasın “Qarabağ”a mümkün keçidi barədə açıqlama verib: “Bizim bu oyunçularla danışıqlarımız olmayıb”.
O, “Qarabağ”ın akademiyasının inkişaf etdiyini bildirib: “Azərbaycan futbolunu yaxşılaşdırmaq istəyiriksə, öncə, akademiyadan başlamalıyıq. İllərdir bu barədə danışılır. İnfrastruktur olmalıdır. Bu gün yaxşı, ağıllı məşq keçim, amma oyunçuların olduqları yer keyfiyyətsizdirsə, faydası olmayacaq. Şərait olmayandan sonra futbol oynamaq çətin olacaq. “Barselona” deyəndə topa sahibolma, texnika deyəndə Lionel Messinin fintləri ağıla gəlir. Lakin bu, belə deyil. Texnika - düzgün ötürmə, mövqe seçimidir. İnfrastruktur baxımından orta səviyyəli klublar bizdən üstündür. Məsələn, Serbiyanın, Macarıstanın klublarının bazasına baxsaq, şəraiti görərsiniz. Akademiyanın şəraitini hazırlamalı, sonra kadrlara üstünlük verməliyik. Rəhbərliklə sıx danışıqlarımız olur. Onları da başa düşürəm. Görünməyən çoxlu xərclər var. Hələ tam gəlir əldə edə bilmirik. “Barselona”nın akademiyasında həftənin bir günü valideynlər üçün məşq açıq olur. Nə qədər valideyn məşqə baxır…Ancaq qalan 6 gün heç bir valideyn bazaya daxil ola bilmir. İnsanları futbola cəlb etməliyik. Çoxlu nüanslar var. Biz daha çox irəli getmək istəyirik, amma hazırıqmı? Aşağılardan möhkəm sistem qurmalıyıq”.
Qurbanov Azərbaycanın futbol, ümumilikdə idman ölkəsi olduğunu söyləyib: “Buradan futbolçu da çıxır, güləşçi də, boksçu da. İstənilən idman növünü götürsək, buradan çıxmayan idmançı yoxdur. Hətta atletika üzrə dünya çempionumuz olubsa, deməli, çıxır. Ramil Quliyev Neftçaladandır. Elə bir rayondandır ki, oradan belə idmançının çıxması ağla gəlməz. Nəyə görə deyirəm? Hər bir idman növündə iazərbaycanlılar var. Sadəcə, işlər düzgün qurulsa, inanın ki, 3-5 ilə, 5 ballıq şkala ilə qiymətləndirsək, 3-4 olar. Bu gün ondan aşağıdır. Neçə olduğunu deyə bilmərəm”.