
"Zirə" komandasının futbolçusu Rafael Utziq transferə çıxarılıb.
Sportnet.az xəbər verir ki, bu barədə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov "CBC Sport" telekanalında iştirak etdiyi verilişdə bildirib.
43 yaşlı mütəxəssis braziliyalı yarımmüdafiəçinin klubdan ayrılmaq istəyində olduğunu bildirib: "Bizimlə bir illik müqaviləsi var, amma ayrılmaq istəyir. Karyerasında yenilik etmək fikrindədir. 2023/2024 mövsümündə istər Azərbaycan Premyer Liqasında, istər avrokuboklar da, istərsə də 2024/2025 mövsümündə ölkə çempionatında komanda üçün böyük işlər görüb. Ona həm futbolçu, həm də insan kimi böyük hörmətim və sevgim var".
O, 29 yaşlı futbolçu ilə danışdığını söyləyib: "Açıq və dürüst danışdı. Mən də bildirdim ki, artıq gələcək planlarımda səni düşünməyəcəyəm. Amma rəhbərliklə danışmalı olduğunu dedim. Onu istəyən klub varsa, təklif etməlidir. Sonrakı proseslərin necə olacağını bilmirəm. Utziqi artıq transferə çıxarmışıq. Bizim istəyimizdə, planımızda belə bir şey yox idi. Onun istəyindən sonra bunu etdik".
Qeyd edək ki, Rafael Utziq 2024-cü ilin yanvarından "Zirə"də çıxış edir. O, ötən mövsüm ərzində meydana çıxdığı 40 oyunda 14 qolla yadda qalıb.