
Futbol həyatını zədə səbəbindən erkən bitirənlərdən biri də Murad Bağırovdur. Müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarda çıxış etmiş Bağırov hazırda futboldan tamamilə uzaqlaşıb. Sportnet.az xəbər verir ki 1.97 metr boya malik 24 yaşlı sabiq futbolçu bu və digər sualların cavabını Teleqraf-a müsahibəsində açıqlayıb:
“İnter”dən sonra gördüm ki, özümdə artım yoxdur"
- Əvvəlcə sizi tanıyaq: Murad Bağırov kimdir?
- Bağırov Murad İsmayıl oğlu. 24 yaşım var, Bakıda anadan olmuşam. Futbola 4 yaşımdan başlamışam. Atam futbolçu olub. Lakin zədəsinə görə karyerasını erkən bitirmək məcburiyyətində qalıb. COVID-19 səbəbindən dünyasını dəyişib. Özünü məndə görüb, istəyib mən də futbolçu olum. Nə təsadüfdürsə, o da eynilə dizindən zədələnmişdi.
- Futbola harada başlamısınız?
- “İnter”- indiki “Şamaxı” klubunun akademiyasında başlamışam. 17 yaşımda “Neftçi”yə keçdim. Əsas və son oynadığım komanda isə “Sabah” olub. Bəzən iki mövqedə - dayaq yarımmüdafiəçisi və pleymeyker kimi çıxış edirdim. Amma boyum uzun olduğundan, daha çox müdafiəçi kimi oynadırdılar.
- Məşqçiləriniz kim olub?
- Vaqif Hidayətov və Rövşən Babayevlə başlamışam. Mirbağır İsayev futbolçu karyeramda böyük rol oynayıb. Fərdi məşqçim isə Boris Tibilov olub. Azərbaycanda aparıcı uşaq futbolu məşqçilərindən biri, Vladislav Qədirov kimi dünya çempionunu yetişdirən mütəxəssisdir.
- Klub karyeranız necə alınıb?
-“Neftçi”nin U-19 və əvəzedicilər komandasında, “Sabah”da isə həm əvəzedicilər, həm də əsas komandada çıxış etmişəm. O zaman baş məşqçimiz Elşad Əhmədov idi. Sonradan zədə aldım. Klub təklif etdi ki, gəl, bərpa edək, karyeranı davam etdir. Mən də "yox, özümü yüz faiz göstərə bilmərəm" cavabını verdim. Harada bacarığımı yüz faiz ortaya qoya bilmirəmsə, o peşədə məsuliyyəti üzərimə götürə bilmərəm.
- Necə oldu ki, “Neftçi”yə keçdiniz, amma orada qalmadınız?
- “İnter”dən sonra gördüm ki, özümdə artım yoxdur. İnkişaf etməyə çalışdım. “Neftçi”, daha sonra isə “Sabah”dan təklif aldım.
"Qurban Qurbanov mənə dəvət göndərmək niyyətində idi"
- Həm də milli komandalarda çıxış etmisiniz...
- “İnter”də forma geydiyim dönəmdə U-15 yığmasına dəvət aldım. Sonra U-17 və U-19 yığmalarına çağırıldım. U-21 və əsas milli komandalara namizəd idim, amma zədə üzündən dəvət almadım.
- Əsas yığmanın düşərgəsinə getməyinizə əngəl yaradan nə idi?
- Həmin vaxt baş məşqçi Qurban Qurbanov idi. Mənə dəvət göndərmək niyyətində idi. Ondan əvvəl U-17 yığmasında dizimdən zədə almışdım. AFFA Almaniyaya göndərdi, əməliyyat etdirdi. Dizimdə çarpaz bağ və menisk sümüyündə problemim vardı. Sonralar bu problemlər yenidən özünü büruzə verdi. Nəticədə A millinin heyətinə qatıla bilmədim.
- Milli komandanın futbolçularından kiminlə birlikdə top qovmusunuz?
- Bir çox futbolçunun adını çəkə bilərəm: Bəhlul Mustafazadə, Ruslan Abışov, Toral Bayramov, Nəriman Axundzadə, Məqsəd İsayev, Təmkin Xəlilzadə, Cavid İmamverdiyev, Coşqun Diniyev, Kərim Diniyev, Ruslan Abışov, Səbuhi Abdullazadə, Abdulax Xaybullayev, Abbas Ağazadə, Cavid Tağıyev və s. Amma futbola ilk addımlarımı hazırda “Zirə”də çıxış edən Ceyhun Nuriyevlə birlikdə atmışam.
- Futbolla bağlı xatirələriniz necədir?
- Əsas millidə debüt edə bilmədiyim üçün məyusluq oldu. Çünki bu, hamının arzusudur. Futbol həyatımın bir hissəsinə çevrilmişdi, oradan ayrılanda pis olmuşdum. Çoxu ilə ünsiyyətim hələ davam edir. Çünki həm komandada, həm də kənarda dostluğumuzu davam etdirirdik. Ancaq xoş xatirələr qalır. “İnter”də Vaqif Hidayətov məşqçi idi. Məşqə həvəsim olmayanda mövzu tapıb qaçırdım. Amma indi hər biri ilə əlaqəm qalır.
- Futbolçuların bəziləri zədə səbəbindən karyeralarını erkən bitirsələr də, məşqçiliyə başlayırlar. Sizdə niyə belə olmadı?
- Çoxu düşünür ki, futbolçular ağıl cəhətdən zəifdir. Mən o stereotipi bir qədər dəyişmək istədim. Ona görə özümü başqa sahədə yoxlamağı qərarlaşdırdım. Fikirləşdim ki, futbol bacarığım var, başqa sahədə özümü doğruldum.
"Minsk "Dinamo"sunun düşərgəsində oldum, bəyəndilər"
- Necə oldu ki, məhz saat biznesinə yönəldiniz?
- Saatlar həmişə mənə maraqlı gəlirdi. Quruluşu necə olur, necə düzəldirlər və s. Zədə yaşadıqdan sonra, özümü yoxlamaq üçün saat biznesinə yönəldim. Yavaş-yavaş gəldim buralara çatdım. Hazırda saat firmalarından birində PR meneceriyəm. Tanışım-filan olmayıb, özüm öz gücümə gəlmişəm.
- Sizə deyən olmadımı ki, futbola qayıt?
- Deyirlər. Düzü, qayıtmaq istəmirəm. Lakin o atmosfer üçün çox darıxıram. Doğrusu, arabir həvəskar formada da olsa, oynayıram. Futboldan ömürlük ayrılmaq olmur. Vaxt tapdıqca dostlarla görüşüb, oynayırıq. Futbolçulardan bəziləri gəlir, amma iş qrafikləri gərgin olduğundan, heç də həmişə bizə qoşula bilmirlər.
- Legioner kimi ölkə xaricində çıxış etmək şansınız, fürsətiniz olubmu?
- Bəli. Belarusun “Dinamo Minsk” klubundan təklif almışam. Düşərgələrində yoxlamada da olmuşam. O zaman məni bəyəndilər. Müqavilə imzalamaq istəyirdilər. Sadəcə, 2019-cu ildə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit-raundunda oyunları vardı. Yığmada çıxış etdiyimdən, düşündüm ki, elit-raunddan sonra qayıdaram. Lakin zədə aldığım üçün gedə bilmədim. Doğrusu, seçimimə görə peşman olmadım. Azərbaycan hər zaman mənim öncəliyim idi. Əvvəlcə yığma komanda ilə Avropa Çempionatında çıxış edib, sonra onlarla danışıqlar aparmağı düşünürdüm. Qismət belə imiş, alınmadı.
- Sizə qarşı orada necə münasibət göstərdilər?
- O zaman məşqçi Eduard Malofeyev idi. Müxtəlif test və taktiki üsullarla məni yoxladılar. Atamı və fərdi məşqçim Boris Tibilovu çağırdılar. Müqavilə imzalamaq istədiklərini deyəndə əvvəlcə atam narahat oldu. Çünki 17 yaşım vardı. Cavanların çoxu xaricə gedib, çox pul görüb dəyişirlər. Bu məsələyə isti yanaşmadı. Hər halda peşman deyiləm. Bəlkə də ora getsəydim, daha pis şeylər yaşaya bilərdim.
- İndi məşqçilərinizlə əlaqəniz qalırmı?
- Bəli, kiminlə başlamışamsa, onlarla əlaqəm qalır. Hər biri ilə danışır, fursət yarandıqca görüşür və futbolla bağlı müzakirələr aparırıq.
"Rus, ingilis, ispan və türk dillərini təmiz bilirəm"
- Yaxınlarınızdan kiminsə futbola gəlməsini istəmisiniz?
- Hazırda elə birisi yoxdur. Dayım oğlu “Neftçi”də idi, sonradan “Beşiktaş” futbol məktəbinə getdi. Artıq 2-3 ildir ki, peşəkar səviyyədə məşğul olmur.
- Kiməsə görə qırmızı vərəqə almısınız və ya sizə görə “qırmızı” alıblarmı?
- “Sabah”ın əvəzedicilər komandasında birinci oyuna çıxarkən, “Kəpəz”də bir hücumçu vardı. Məşqçilərim mənə demişdilər ki, güclü hücumçudur, bunu meydandan uzaqlaşdırmaq lazımdır. Onu əsəbiləşdirdim, ayağımdan vurdu. Qırmızı vərəqə alaraq meydanı tərk etməli oldu. Məndə bir neçə dəfə olub, əsəbiləşib dava etmişəm. Bir neçə dəfə buna görə meydandan qovulmuşam. Ya da sürüşmə fəndi edirdilər, “qırmızı” alırdım. Adətən məni əsəbiləşdirmək çətin olurdu. Əksinə, meydanda camaatı mən sakitləşdirirdim. Komandalarda kapitan sarğısında olmuşam. U-17-də ikinci kapitan olmuşam. Amma hərdən elə olurdu ki, mən də çox pis əsəbiləşirdim.
- Sevimli futbol klubunuz hansıdır?
- Əvvəl “Real Madrid” idi. Kriştianu Ronaldunun fanatı idim. O getdikdən sonra fikrim dəyişdi. Yerli klubların çoxunda tanışlarım çıxış etdiklərindən, hər hansı birinə azarkeşlik etmirəm. Yaxşı oyunun tərəfdarıyam.
- Futbolda qalsaydınız, indi harada olardınız?
- Arzum həmişə ən yüksək hədəflər - “Real Madrid”, “Barselona” idi. Məncə, nail ola bilərdim. Sadəcə, zədəm qarşımı kəsdi. Məqsədim legioner futbolçu olaraq xaricdə karyera qurmaq idi.
- İndiki futbolçularda dil biliyinin zəif olması onlara çətinlik yaradır, xaricdən bu amilə görə də tez qayıdırlar. Sizdə necə idi?
- Məndə bu cəhətdən problem yaranmazdı. Rus, ingilis, ispan və türk dillərini təmiz bilirəm.
"Millinin oyunlarına gedəndə əsəbiləşirəm, kişi kimi uduzmalısan"
- Milli komandanın oyunlarına baxmağa gedirsiniz?
- Çox vaxt getmirəm. Çünki gedəndə əsəbiləşirəm. Özümü onların yerlərinə qoyur, deyirəm ki, mən başqa cür edərdim. Niyə orada yoxam (gülür-red). Əslində uda da, uduza da bilərsən. Amma uduzanda da kişi kimi uduzmalısan. Buna görə kimisə qınamaq olmaz.
- Sizi hansısa oyunlara futbolçu dostlarınız dəvət edirlər?
- Klub oyunlarında bəzən olur. Toral Bayramov bir neçə dəfə dəvət göndərib. Adlarını çəkmək istəmirəm, amma bir neçə nəfərdən dəvətnamə almışam.
- Hazırki futbolçuların səviyyəsi necədir?
- Potensiallı gənclər var. Amma peşəyə özlərini tam qoymaq istəmirlər. Legioner həyatı yaşamaq istəyi, düşünürəm ki, hər futbolçuda var. Amma bəzən fikirləri başqa şeylərə yayınır. Məsələn, gedim özümə vaxt ayırım, dostlarımla çay içim və s. O zamanlar mən gündə 6-7 dəfə məşq edirdim. Fərdi məşqçim də məninlə məşğul olurdu. Yəni, çalışqanlıq önəmlidir.
- İlk klubunuzda sizə hansı şərait yaradılırdı ki, indi həmin futbolçular yetişmir?
- İnsan həmişə öz üzərində işləməlidir. Futbolçunu irəli aparan budur. İndikilərin çoxu öz qarşısına məqsəd qoymur. Uşaqlıqdan oyunçu olmaq istəyən biri, məşq etməli, dayanmadan öz üzərində işləməlidir ki, səhvlərini aradan qaldırsın. Əks halda professional futbolçu ola bilməzsən.
"Aqata Kristinin əsərlərini bəyənirəm"
- Mütaliə ilə aranız necədir?
- Yaxşıdır. Detektiv ədəbiyyatı çox sevirəm. Aqata Kristinin əsərlərini bəyənirəm.
- Futbolçu olmasaydınız, hansı idman növünü seçərdiniz?
- Mən bir çox idman növü ilə - üzgüçülük və tennislə professional, gimnastika ilə həvəskar səviyyədə məşğul olmuşam. Həmişə futbolçu olmağı arzulayırdım. Yəni, bunları sadəcə, məşğuliyyət olaraq görmüşəm.
- Digər idman yarışlarında uğurlarınız olubmu?
- Üzgüçülük üzrə yarışlarda birinci və ikinci yerləri tutmuşam.
- Gələcəkdə məşqçi kimi çalışmaq arzunuz varmı?
- Fikrim var ki, akademiya yaradım. Uşaqları yetişdirib, böyük klublara hazırlaşdırmaq arzusundayam. Yəqin ki, bu planımı bir neçə il sonra reallaşdıraram.