
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiyada "Şelburn"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, cavab görüşünə də ciddi hazırlaşmaq lazımdır: "Oyundan öncə də demişdim ki, rəqib bu meydanda bizə istənilən an gərginlik yarada bilər. Bu gün bunun şahidi olduq. 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bunu yaddan çıxarıb, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Az sayda azarkeşlərimiz gəlmişdi. Bizi dəstəklədikləri üçün hər birinə təşəkkür edirəm”.
Baş məşqçi cavab qarşılaşmasına da eyni ciddiyyətlə hazırlaşacaqlarını söyləyib: “Cütün taleyinin həll edildiyini qətiyyən düşünmürəm. “Şelburn” məğlub olmağı xoşlamayan, meydanda nə etdiyini bilən kollektivdir. Bəlkə də, bizə uyğun olmayan sürətdə çıxış edirdi. Amma müdafiəçilərimiz rəqibin hücumçularına imkan vermirdilər. Bakıdakı matçda bugünkündən daha diqqətli olmalıyıq. Bu, bizim cari mövsümdə ilk oyunumuz idi. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq”.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:00-da başlanacaq.