
“Geridə qalan günlərdə pis hazırlaşmadıq, üstünlüyümüz var".
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə İrlandiyanın "Şelburn" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis rəqibin müdafiə futbolu oynamadığını söyləyib: "Səfər oyununda da qeyd etmişdik ki, bu mərhələdə bütün gücümüzlə oynayacağıq. Rəqib geridə qalmağı sevməyən bir komandadır. Sabah meydanda səhvlərdən uzaq durmağa çalışacağıq".
"Qarabağ"ın baş məşqçisi bütün diqqətinin oyunda olduğununu bildirib: "Qarşıda hələ cavab oyunumuz var və məhz bu məqamda hər hansı atmacaya cavab verməyi lazım bilmirəm. Əgər kiminsə fikrinə və ya reaksiyasına cavab vermirəmsə, demək ki, həmin insanla heç bir əlaqəm yoxdur. Rəqib komandaya gəlincə, tanış rəqibdir, amma diqqətimizin yayınmasını istəmirik. Hazırda bütün komandamızın fikri yalnız sabahkı qarşılaşmadadır.”
O, futbolçusu Marko Yankoviçin iştirakının sual altında olduğunu vurğulayıb: "Dani Bolt isə ümumiyyətlə heyətdə olmayacaq. Yanko bəlkə də meydana çıxa bilər, amma bu bir riskdir. Zədə elə bir məsələdir ki, tam sağalmadan meydanda olmaq yeni problemlərə yol aça bilər. Son vaxtlar zədəlilərin sayı da artıb və bu, təbii ki, bizim üçün narahatedici haldır. Amma buna baxmayaraq, heyətimiz sabahkı oyuna tam fokuslanıb və əlimizdən gələni edəcəyik.”
Qurbanov "Qarabağ"ın yeni hücumçu transfer edəcəyini açıqlayıb: “Son günlərdə əsas diqqət yetirdiyimiz mövqe hücum xətti idi. Bu istiqamətdə kifayət qədər vaxt sərf etdik və bir çox oyunçu ilə danışıqlar apardıq. Hətta razılaşdığımız futbolçular da oldu, lakin daha sərfəli təkliflər aldıqları üçün digər klublara üstünlük verdilər. Buna baxmayaraq, axtarışlarımız davam edir. Hazırda komandamda olan hücumçuların çıxışından razıyam. Onlar həm kollektivdəki mövqelərini düzgün anlayırlar, həm də oyunu istədiyimiz kimi idarə etməyi bacarırlar. Yeni hücumçu axtarışımızın əsas məqsədi isə həm rotasiya imkanlarımızı artırmaq, həm də hücum xəttinin yükünü azaldaraq mövsüm boyunca onları sığortalamaqdır. Mövcud heyətə güvənimiz tamdır, lakin əlavə dəstək ehtiyacını da nəzərdən keçiririk.”
O, Mateus Silva barədə söz açıb: "Silva çox yönlü, universal futbolçudur. Mən ümumiyyətlə belə tipli futbolçuları sevirəm. Rəqibə qarşı istifadəsi baxımından çox effektivdir. Müdafiənin mərkəzində oynayanda da müsbət xüsusiyyətlərini nümayiş etdirir. Yerli çempionat oyunlarında ondan bu mövqedə istifadə etdik və özünü tam doğrultdu. Amma qarşıdakı oyunlarda bəzi mövqe dəyişikləri də ola bilər.”
"Qarabağ"ın baş məşqçisi qapıçı mövqeyi barədə isə bunu deyib: “Bu ən az oynayan və oyun ritmini asan itirə bilən mövqedir. Əgər qapıçı tamamilə oynamasa, ritmdən düşə bilər. Bu səbəbdən, ən azından çempionat başlayana qədər oyun təcrübəsini qorumaq üçün rotasiya edə bilərik. Biz yalnız oyun zamanı yox, həm də həftə ərzində futbolçuların məşqlərdəki performanslarına baxırıq. Ümumilikdə hər üç qapıçıdan da razıyıq. Nə qədər yaxşı olsaq da, hər zaman daha da yaxşı olmağa çalışırıq.”
Qurbanov “Dinamo Zaqreb"dən icarəyə götürülən Sami Mmaenin keçidini şərh edib: "Bu futbolçu ilə bağlı azarkeşlərin reaksiyası çox müsbət oldu. Onun transferində əsas diqqət yetirdiyimiz məqam keyfiyyətləri və oyun anlayışı idi. Amma unutmayaq ki, hər futbolçu hər komandada uğurlu ola bilməz. Burada əsas məsələ oyunçunun sistemə uyğunlaşmasıdır. Mmaenin qabiliyyəti və oyun stili bizim sistemə uyğun gəlir və komandaya inteqrasiyası da problemsiz gedir".
Azərbaycanlı mütəxəssis "Qarabağ"dan ayrılan Redon Cicanın komandadakı performansından razı qaldığını bildirib: "O, çox yaxşı hücumçu idi. Cicanın komandamızda keçirdiyi müddətdə göstərdiyi performansdan razı qaldıq. Xüsusilə qrup mərhələsində vurduğu qollarla bizə böyük töhfə verdi və ona sərf etdiyimiz vəsaiti tam şəkildə geri qazandırdı. Lakin Juninyonun komandaya qoşulması, Nərimanın inkişafı və eyni zamanda legioner limiti məsələsi bu qərarın verilməsində rol oynadı. Üstəlik, Cica özü də daha çox və daimi oynamaq istəyirdi. Bu səbəbdən onun başqa bir kluba keçməsinə razılıq verdik. Açığı, Cica kimi qol vurmaq qabiliyyəti yüksək olan, peşəkar və əsl idmançı xarakterinə malik futbolçunu komandada saxlamaq istərdim. Amma futbol elə bir sahədir ki, bəzən həm oyunçu, həm də klub üçün ən doğru qərar ayrılıq ola bilər.”