
“Qarabağ”ın yeni transferi Coni Montyel UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Şimali Makedoniya “Şkendiya”sı ilə oyunlarında iştirak etməyəcək.
Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi bildirib ki, 26 yaşlı vinger bu gün komanda ilə Şimali Makedoniyaya getməyib. Onun sözlərinə görə, Montyel Bakıdakı cavab görüşündə də iştirak etməyəcək. O, qaydalara əsasən, yeni transferi III təsnifat mərhələsi üçün sifariş edə bilməyəcəklərini əlavə edib.
Qeyd edək ki, “Şkendiya” ilə “Qarabağ” arasında ilk qarşılaşma avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.