
2016 - 2018-ci illərdə "Qəbələ"də, 2018 - 2020-də isə "Neftçi"də çıxış etmiş Baqali Dabo Teleqraf-a müsahibə verib.
Fevralda karyerasını bitirən 37 yaşlı hücumçu Azərbaycandakı çıxışı barədə və digər sualları cavablayıb:
- Öncə karyeranızı bitirməyiniz barədə danışaq. Bunu əvvəlcədən planlaşdırırdınız?
- Düzü, fikrimdə var idi, amma bəli, çətin qərar idi, çünki oynaya biləcəyimi düşünürəm. Sadəcə, oynamağa davam həvəsimi itirdim.
- Özünüzü "Qəbələ", yoxsa "Neftçi" azarkeşinə daha yaxın hiss edirsiniz?
- Hər iki komandanın azarkeşlərini özümə doğma hiss edirəm, çünki hələ də onlardan dəstək mesajları alıram. Həm "Neftçi", həm də "Qəbələ"nin oyunlarını, eləcə də xəbərlərini izləyirəm. Hazırda bu klubların azarkeşi kimiyəm.
- Azərbaycandakı baş məşqçilərinizdən hansı ilə daha uğurlu oynadığınızı düşünürsünüz?
- Roman Qriqorçukun adını çəkəcəyəm, çünki onunla iki tam mövsüm keçirmişəm. Həmçinin Roberto Bordini qeyd etmək istəyirəm.
- Azərbaycanda keçirdiyiniz hansı oyun yaddaşınıza həkk olunub?
- "Qəbələ"dəki oyunlarımdan "Maribor" və "Neftçi"yə qarşı olanları, "Neftçi" karyeramda isə "Qarabağ"la matçı deyəcəyəm. Ağdamlılara vurduğum qoldan sonra dəli kimi sevinirdik.
- Necə düşünürsünüz, Azərbaycan futbolu sizdən sonra inkişaf edib, yoxsa səviyyəsi aşağı düşüb?
- Bir çox oyunları izləyirəm. Hazırda Azərbaycan futbolu daha səviyyəlidir. Oraya çox yaxşı oyunçular gəlir və bu, çempionatı həqiqətən cəlbedici edir.
- Futbolda baş məşqçi, skaut və ya agent kimi qalmağı düşünürsünüz?
- Açığı, indi futboldan uzaq olmaq fikrindəyəm. Lakin gələcəkdə bütün lisenziyaları əldə etmək istəyirəm, çünki futbolda heç vaxt "heç vaxt" demirik.
- Azərbaycanda baş məşqçi və ya məşqçi işləyərsiniz?
- Niyə də yox?! Azərbaycanın mentalitetini bəyənirəm, lakin əsas hədəfim məşqçilik deyil.
- “Neftçi”nin yenidən çempionluğa oynaması üçün əsas problem və çatışmayan nədir?
- "Neftçi"nin yalnız vaxta ehtiyacı var. Uğuru qısa müddətdə qazanmaq olmur. Amma "Neftçi" kimi böyük komandaya da çox vaxt verilmir. İnanıram ki, bu il daha yaxşı nəticə göstərəcəklər. Samir Abasov daha əvvəl "Neftçi"də uğur qazanıb. Növbəti mövsümdə avrokuboklar uğrunda mübarizə aparacaqlarına inanıram.
- “Qəbələ” bir illik fasilədən sonra yenidən Premyer Liqaya yüksəlib. Sizcə, komanda bu il necə çıxış edəcək?
- Onları keçən il də izləyirdim. Çox yaxşı transferlər edirlər. "Qəbələ"nin avrokuboklar üçün mübarizə aparacağına əminəm.
- Azərbaycandakı komanda yoldaşlarınızdan hansı ilə əlaqə saxlayırsınız?
- Elvin Camalov, Tellür Mütəllimov, Araz Abdulayev, Murad Musayev, Asif Məmmədov, Qismət Alıyev, Tural Axundov və bir neçə gənc oyunçu ilə əlaqə saxlayıram.