“Bu turnirdə asan rəqib yoxdur. Sadəcə məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirir və rahat qələbələr qazanırıq”.

 

Bu sözləri Sportnet.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Kevin Medina UEFA Çempionlar Liqasın (ÇL) III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu 5:1 hesabı ilə məğlub etmələri barədə danışarkən deyib.

 

32 yaşlı müdafiəçi Ağdam təmsilçisinin ÇL-nin pley-off mərhələsinə vəsiqə qazandığı üçün sevincli olduğunu bildirib: “Komanda olaraq bu uğurlarımızı davam etdirməyi arzulayırıq. Gördüyümüz kimi, yaxşı oyun sərgilədik. Həm kollektiv, həm də fərdi səviyyədə əla çıxış etdik. Bütün oyunçular meydanda böyük əzmkarlıq göstərdi və səylərimizin bəhrəsini aldıq.

 

Bu gün meydanda hərtərəfli yaxşı hazırlaşdığımızı nümayiş etdirdik. Ümid edirəm ki, bundan sonra da uğurlarımız davam edəcək”.

 

Medina ÇL-nin əsas mərhələsini hədəflədiklərini vurğulayıb: “Hər il arzuladığımız nəticəyə çatmaq üçün bir addımımız qalıb. Qarşımıza güclü komandalar çıxacaq, çünki rəqabət çox sərtdir və hər bir klub gücünü ortaya qoyur. İndi əsas mərhələyə yüksəlmək üçün əlimizdən gələni etməliyik. Hər il hədəfimizə daha da yaxınlaşırıq. Sadəcə səbr və əzm lazımdır. İçimizdə ümidsizlik olmamalıdır. İnanırıq ki, Allah bizə doğru yolu göstərəcək və uğurumuzu təmin edəcək”.