
“Şamaxı”nın futbolçusu Karim Rossi Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi” ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
31 yaşlı hücumçu vurduğu qolla bağlı Sportnet.az-a açıqlama verib.
“Bütün həftə məşqlərdə cərimə zərbələrini sınayırdım, amma bu qədər yaxın məsafədən yoxlamamışdım. Şadam ki, belə bir qol vura bildim. Qol epizodunda qapıçının səhvinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, çox yaxın məsafədən idi, penaltiyə bənzər vəziyyət yarandı. Əsas odur ki, komanda üçün önəmli qolla fərqləndim”, - deyə o bildirib.
Rossi matçın gedişini də dəyərləndirib: “Bir xal bizim üçün yaxşı nəticədir. “Neftçi” kimi komandaya qarşı səfərdə oynamaq asan deyil. Birinci hissədə önə keçdik, ikinci qolu da vura bilərdik, amma alınmadı. Hissənin sonunda buraxılan qolla hesab bərabərləşdi. İkinci hissədə isə rəqib daha üstün idi və qalib gələ bilərdi. Buna baxmayaraq, bir xalla qayıtmaq bizim üçün müsbətdir”.
İsveçrəli futbolçu komandanın hədəflərinə də toxunub: “Əsas məqsədimiz ötən ildən daha güclü komanda qurmaq və yüksək yerlərə çıxmaqdır. İlk turda qazanılan xaldan razıyıq. Mən isə hər oyunumda komandama maksimum fayda verməyə çalışacağam. Mövsümün sonunda bunun nəticəsini görəcəyik”.