
Monteneqroya qarşı ikinci yoldaşlıq görüşündə qırmızı vərəqə alaraq meydandan qovulan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Abbas Zeynalov yığmaya İspaniyanın "Marcet" Futbol Akademiyasından dəvət alıb.
Sportnet.az xəbər verir ki, "Barselona"ya məxsus akademiya ilə azərbaycanlı iş adamı Adnan Əhmədzadənin yaratdığı ASTA ((Azerbaijan Sport Talents Academy) sıx əməkdaşlıq edir.
Zeynalov məhz bu əməkdaşlıq çərçivəsində "Marcet"ə yollanıb.
Millinin baş məşqçisi Aqil Nəbiyev Sportnet.az-a müsahibəsində futbolçunun bu davranışına haqq qazandırmağa çalışıb: Bilirsiniz, futbolun içində belə hallar baş verə bilər. Təkrar-təkrar baxsanız, deyə bilərsiniz ki, bəlkə də qırmızı vərəqə verməmək olardı. Abbas keçid dövrünü yaşayır, 16 yaşı var. Onunla çox ciddi danışmışıq, özü də komandanı azlıqda qoyduğu üçün xeyli üzgün idi. "Məni dartıb-yıxırlar, hakim cərimə zərbəsi təyin etmir" deyə şikayətlənirdi. Monteneqrolu oyunçu az qala futbolçumuzun əynindən şortikini çıxarırdı. Abbas da ayağa qalxanda ayağı onun çiyninə dəyir. Qırmızı vərəqə aldıqdan sonra da ciddi problem olmadı".
Nəbiyev Zeynalovun yenə millinin toplanışlarına dəvət alacağını inkar etməyib: "Özü ilə danışmışıq. Birdən-birə kəsib atmaq da olmur. Futbolçunu qazanmalıyıq. Zatən geniş seçimimiz yoxdur. Böyük qlobal problem də olmayıb. Deyim ki, futbolçu tərbiyəsizlik edib, əlbəyaxa davaya çıxıb - bunlar baş verməyib. Hərçənd, futbolun içində bu cür ani reflekslər də ola bilər. Ümidvaram ki, öz səhvindən nəticə çıxararaq bir daha təkrarlamayacaq".
Qeyd edək ki, Abbas Zeynalov Monteneqro və Azərbaycanın 17 yaşadək futbolçuları arasında hazırda keçirilən ikinci yoldaşlıq görüşündə davanın əsas səbəbkarı olub. Münaqişə epizodu 51-ci dəqiqədə yaşanıb. Top Zeynalovda olduğu vaxt rəqib oyunçu onu özü ilə bərabər yerə yıxıb. Azərbaycanlı oyunçu isə yerdəcə monteneqrolu futbolçunu ayağı ilə vurub. Nəticədə digər futbolçuların da iştirakı ilə meydanda kütləvi dava baş verib. Qısa müddətdə münaqişəni sakitləşdirmək mümkün olub. Zeynalov qırmızı vərəqə alaraq, meydandan qovulub. Bir müddətlik fasilədən sonra oyun davam etdirilib. Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:2.