
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. 2 oyundan 6 xal çox yaxşı göstərici, yaxşı başlanğıcdır. 3 xal "Sumqayıt"ın haqqı idi. Oyunun gedişatına baxsaq, qapımızda qol gözlənilmir, görünmürdü. Amma heç nədən qapımızda qol gördük. Bizim də bir neçə imkanımız oldu. Bəlkə də top qapıdan keçməli idi, keçmədi. Nəticə normaldır. Məşqçilər və futbolçular, eləcə də ümumi klub üçün yaxşı başlanğıc olduğunu düşünürəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bu nəticənin komandasının xeyrinə olacağını bildirib: "Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Çünki futbolçuları haradasa başa düşürəm. Meydana oynamayan futbolçuları buraxmağıma baxmayaraq, yorğunluq var idi, movivasiya qaydasında deyildi. Amma məncə, başlanğıc, oyunlara motivasiya olmaq üçün bu məğlubiyyətin bizə çox faydası olacaq və futbolçular da bunu anlayacaqlar. Çünki bəzən yaxşı uğurlardan sonra belə nəticələr xeyrimizə olur. Uğur əldə edəndə, loru dildə desək, hamının burnu yuxarı qalxır. Qarşıda bizi bundan da sıx qrafik gözləyir".
Daha sonra Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Nəriman Axundzadəni oynatmamağınız zədəsinə görə idi?
- Bəli, onun zədəsi var. Əzələsində gərilmə problemi hələ də davam edir. Həm də son 2-3 gündə yalnız müalicə olunub, məşqlərdə də iştirak etməyib.
- Juninyonun icarəyə götürülməsi ilə bağlı söz-səhbətlər nə dərəcədə realdır?
- Xeyr, hələ məndə belə bir məlumat yoxdur, ümumiyyətlə, danışıq olmayıb. Ola bilsin, orada oynamadığı üçün belə fikirlər yaranıb.
- Düşünmürsünüz ki, "Qarabağ" ikinci heyətlə meydana çıxdığı üçün uduzdu?
- Belə düşünmürəm. Dəfələrlə olub ki, oyuna digər heyətlə çıxmışıq və yaxşı nəticələr qazanmışıq. Bəlkə əsas heyətlə çıxsaydıq da bu nəticə olardı. Futbolçuların yanında olduğumdan, ümumi gedişatı bilirdim. 3 gün əvvəl Macarıstanda Çempionlar Liqasının oyununu keçirmişik. Daha sonra futbolçular bütün gecəni yatmayıblar, yolda olublar. Daha sonra gəlib adaptasiya keçmək heç də asan deyil. Yox, mən bu futbolçulara güvənirəm və bunlar qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edəcəklər.
- Topun meydanda qalma dəqiqəsi baxımından bu mövsümdən nikbin gözləntiləriniz varmı?
- Bu gün də meydanda kim var idisə, hamı öz tempində idi. Nə sürət var idi, nə də... Həm ilk yarıda, həm də ikinci hissədə oyun o qədər dayandı ki... Hakimlər də daxil olmaqla, hamımız. Bu, bəlkə də Avropanın 50 faiz tempidir. Aşağı olar ki, yuxarı olmaz.
- Hazırda "Qarabağ"da 15 legioner var və növbəti əcnəbi oyunçu alsanız, AFFA-ya 200 000 manat rüsum ödəməlisiniz. 15 legionerlə davam edəcəksiniz, yoxsa növbəti legionerləriniz də olacaq?
- Olmasına çalışırıq. 200 000 manata görə nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi daha da keyfiyyətli etmək istəyiriksə, zatən bu addımları atacağıq.
- Qol buraxdığınız epizodda Şahrudin Məhəmmədəliyevin səhvi var idi. Hətta Abbas Hüseynov ona topu yumruqla çıxarmalı olduğuna dair irad tutdu. Sizin fikriniz necədir?
- Bir qədər kuryoz epizod idi. Abbasın ona irad tutduğunu tam görmədim. Məncə, o, öz işi ilə məşğul olsa, daha yaxşıdır (gülür - red.). Qapıçıya öyrətmək lazım deyil. Topu başı ilə çıxarası deyil ki. Yumruqla çıxarmalıdır da... Onun kimi də başqaları... Öz işləri ilə məşğul olmaq, öz üzərinə düşən vəzifəni düzgün yerinə yetirmək hər birinin borcudur.
- Son 3 mövsümün hər birində 0:1 hesabı ilə uduzmusunuz. Bu, sırf təsadüf idi, yoxsa motivasiya ola bilməmisiniz?
- Heç düşünməmişdim. Bu, II tur idi, I tur deyildi (gülür - red.). Təsadüf dedikdə, Avropadan qayıtmışdıq deyə, ola bilsin, motivasiya aşağı idi. Ən vacibi yorğunluq idi. Buna yorğunluq deyərdim. Yorğun olan insanda hansı motivasiya olasıdır? Bu matçı bu gün yox, sabah da keçirə, futbolçuları hazırlıqlı edərək, qalib gələ də bilərdik. Amma bu qrafikdə 3 gün futbolçular üçün çox ağırdır. Oynamayan futbolçu da görüşqabağı məşq etmədiyi üçün həm öz idman formasını itirir. 4 günlük ara olsaydı, istirahətdən sonra bəlkə də yaxşı məşq edə bilərdik. Belə hallar da olur. Düzü, 3 mövsümdür ilk oyunumuzda uduzduğumuzu xatırlamırdım. Təki sonrası yaxşı olsun.
- "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin həddən artıq sevinməyinizin onlara motivasiya olacağını deyib. Bu barədə nə deyə bilərsiniz?
- Açıqlamasını normal qiymətləndirirəm. Məğlub olduqdan sonra futbolçularını qarşıdakı matça motivasiya etmək üçün bu, yaxşı bir taktiki gedişdir. Amma biz onu düşünərək cavab görüşünə hazırlaşası olsaq, öz oyunumuzu itirə bilərik. Bütün qarşılaşmalara çox ciddi, səbr və təmkinlə yanaşmalıyıq. Çünki bu gün futbolda olmayan nəticə yoxdur. Rəqibdən asılı olmayaraq, elə nəticələr olur ki, ən üst səviyyəli komanda ən zəif olduğu düşünülən rəqibə uduzur. Bu, istər Avropa Liqasında, istər Çempionlar Liqasında, istərsə də bizim çempionatda belədir. Ona görə də kənar fikirlərə görə işimizi qursaq, çox irəli gedə bilmərik, yarı yolda qalarıq. Mən bunu normal qəbul edirəm. Baş məşqçidir, həmin futbolçuları oyuna hazırlamaq üçün belə bir addım atıb. Amma biz də bu işin içində olduğumuz üçün bunu normal qəbul edərək, hazırlaşacağıq.
– Çempionlar Liqasının Liqa mərhələsinə düşsəniz, rəqiblərinizi Bakı Olimpiya Stadionunda qəbul etməyi düşünmüsünüzmü?
– Gəlin, hələ bu oyun haqqında düşünək. Çünki həqiqətən vacib oyundur. Sanki məndən başqa hamı bu oyunu keçmiş kimi düşünür. Bir tərəfdən bu, sevindirici haldır, çünki inamdan və güvəndən yaranır. Amma digər tərəfdən bu, bizə mane olan fikirlərdir. Biz də o fikirlərdə olsaq... Qarşımızda heç nədən qol vura bilən bir komanda var. Oyun sistemləri də elədir ki, bəzən standart vəziyyətlərdən fərqlənir, uzun ötürmələr, cinahlardan asmalar, cərimə meydançası daxilində çoxluq təşkil edirlər. Müasir futbolda 1-2 topluq fərq göstərici deyil. Ona görə də istəyirəm ki, hamılıqla bu oyuna hazırlaşaq, çalışıb səhvsiz və həddindən artıq aqressiv olmadan oynayaq və yanmayaq.