
"Sumqayıt" klubunun futbolçusu Rauf Rüstəmlinin səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra Sportnet.az-a müsahibəsi
– “Qarabağ” üzərində qələbə qazandınız. Bu oyunu necə dəyərləndirirsiniz?
– Çətin oyun olacağını bilirdik, çünki “Qarabağ”ın gücü hamıya məlumdur. Çempionatımızda ən yaxşı komanda olduğunu deyə bilərik. Buna baxmayaraq, yaxşı mübarizə apardıq və qələbə qazandıq.
– “Qarabağ”a qarşı xüsusi hazırlıq keçmişdinizmi?
– Biz bunu xüsusi düşünmürdük. Yəni, bu “Qarabağ”dır, gücü bəllidir. Normal “Qarabağ”la oyun kimi hazırlaşmışdıq. Əlavə motivasiyaya ehtiyac yoxdur, çünki məncə, “Qarabağ” adının özü kifayət qədər motivasiya yaradır.
– Bu mövsüm məqsədiniz nədir?
– Məqsədimiz çempionatı ən yaxşı pillələrdə başa vurmaqdır. İki qələbə bizim üçün müsbət nəticədir. Qarşıda “Şamaxı” ilə ev oyununu da qələbə ilə tamamlayıb, milli fasiləyə qalib kimi getmək istəyirik.
– Komandadakı rəqabət şəraiti barədə nə deyə bilərsiniz?
– Həm klubumun, həm də özümün mövqeyimə görə rəqabət çox güclüdür. Daha yüksək səviyyəli futbolçular olduğu üçün oyun şansım azalır. Buna görə hər mövsüm müxtəlif komandaların heyətində çıxış etməyim həm klubun istəyi, həm də mənim inkişafım üçün vacibdir. Təbii ki, hər mövsüm fərqli komandada başlamaq müəyyən adaptasiya çətinlikləri yaradır, amma yenə də öyrəşməyə və özümü göstərməyə çalışıram.
– Legioner limitinin ləğvi barədə nə düşünürsünüz?
– Legioner limiti ləğv olunub. Biz futbolçular – istər azərbaycanlı, istər legioner – hər oyun və hər məşqdə əlimizdən gələni etməliyik ki, oynaya bilək. Limitin ləğvi olsa belə, məncə, azərbaycanlı futbolçular oynayır və oynamaga davam edəcək.
Haşım MƏMMƏDOV