
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Macarıstan "Ferentsvaroş"unu qəbul edib.
Fransalı baş hakim Kleman Türpenin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 12-ci dəqiqədə Budapeşt komandasının futbolçusu Lenni Jozef açıb.
Tezliklə təşəbbüsü ələ alan "Qarabağ" 25-ci dəqiqədə Leandro Andrade, 45-ci dəqiqədə isə Abdullah Zubirin qolları ilə önə keçib.
Fasilədən sonra qonaqlar daha 2 qol vurmağa müvəffəq olublar. 55-ci dəqiqə Barnabaş Varqa penaltini dəqiq yerinə yetirib. 82-ci dəqiqədə isə Aleks Tot qələbə topunu vurub - 3:2.
Bununla belə, ümumi hesabda qələbə "Qarabağ"ın olub. İlk görüşdə 3:1 hesablı qələbə qazanan Azərbaycan klubu tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
İlk dəfə belə bailiyyət 2017-ci ildə əldə olunmuşdu.
-----------------------
Bu gün "Qarabağ" komandası UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşünə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan "Ferentsvaroş"u olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu fransalı baş hakim Kleman Türpen idarə edəcək.
Bu komandalar arasında avqustun 19-da Budapeşt şəhərindəki "Groupama Arena"da keçirilmiş ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 3:1. Cavab görüşündə də sərfəli nəticəyə nail olacağı təqdirdə, Ağdam komandası tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. İlk dəfə bu nailiyyət 2017/2018 mövsümündə əldə olunmuşdu.
Sonradan "Qarabağ" iki dəfə də pley-off mərhələsinədək irəliləməyi bacarıb. Lakin baş məşqçi Qurban Qurbanovun komandasının qarşısını 2022/2023 mövsümündə Çexiya "Viktoriya"sı (0:0, 1:2), 2024/2025 mövsümündə Xorvatiyanın "Dinamo Zaqreb" komandası (0:2, 0:3) kəsib.
"Ferentsvaroş" 36 qat Macarıstan çempionu, 24 qat Macarıstan Kubokunun qalibi, UEFA Kuboku və Avropa Liqasının sələfi olan Yarmarkalar Kubokunun (1964/1965, 1967/1968), eləcə də Kuboklar Kubokunun (1974/1975) finalçısı, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı (1995/1996, 2020/2021) olub.
"Qarabağ"la "Ferentsvaroş" 2022/2023 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəlib. Həmin vaxt Ağdam klubu evdə 1:1 hesablı heç-heçə etsə də, səfərdə qələbə qazanıb - 3:1.
27 avqust
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan) - 2:3
Qollar: Leandro Andrade, 25. Abdullah Zubir, 45 - Lenni Josef, 12. Barnabaş Varqa, 55 (pen.). Aleks Tot, 82
Hakimlər: Kleman Türpen, Nikola Dano, Aleksis Oje, Romen Lissorq
VAR: Jerom Brizar
VAR köməkçisi: Nikola Renviy (hamısı Fransa)
Hakim-inspektor: Vitor Manuel de Melo Pereyra (Portuqaliya)
UEFA nümayəndəsi: David Andryu Makdouel Zor (Sloveniya)
İlk oyun - 3:1
Qeyd edək ki, oyun üçün satışa çıxarılan 30 000-dən çox bilet artıq satılıb. Bu səbəbdən, görüşün tam dolu tribunalar önündə keçiriləcəyi gözlənilir.