AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov Sportnet.az-a müsahibəsində Azərbaycan Premyer Liqasının oyunlarının idarəçiliyini dəyərləndirib, şok açıqlamalar verib:
– Hazırkı hakimliyi necə qiymətləndirərdiniz?
– Çox zəifdir, günü-gündən geriyə gedir. Düzdür, indi onlar mənim həmkarlarımdır, amma obyektivliyi itirmək olmaz. VAR olmasa, ümumiyyətlə, batarlar. VII turda 8 dəfə VAR müdaxiləsi olub, biabırçılıqdır. Yaxşı, VAR olmasaydı, necə olacaqdı? Oyunların necə nəticələnəcəyini təsəvvür edin. İş getmir, bölgələrdə hakimlik batıb. Bir nəfər də olsun, bölgədən gələn hakim yoxdur. Bunların eyiblərini örtən bilirsinizmi nədir?
- Nədir?
- UEFA-dan yaxşı təyinatlar gəlir. O da ona görə ki, təyinatları verən şəxs AFFA Hakimlər Komitəsinin hazırkı sədri Frank De Blekerenin yaxin dostudur. Özü niderlandlıdır, hakimlərimizə yaxşı oyunlar verir. Hakimlikdə bundan başqa nə var? 2017-ci ildən bəri Premyer Liqaya bir nəfər də referi çıxmayıb. Bunların gördükləri iş hanı? Çox zəifdirlər!

– Rauf Allahverdiyev "Azərbaycan hakimləri "Sabah" klubundan asılı vəziyyətə düşüb" açıqlamasına görə hakimlikdən ömürlük kənarlaşdırılıb. Doğrudanmı, Azərbaycan hakimliyi üzərində “Sabah”ın böyük təsir qüvvəsi var?
– O, elə deyir. Amma axı gərək əlində əsasın olsun.
– Bəs özünüzün şəxsi fikirləriniz necədir?
– Hələ ki görünmür. Bəlkə də olacaq, amma hazırda belə bir hal müşahidə olunmur. Mən onlara aşkar köməkliyin olunduğu bir hal görməmişəm. Söz-söhbətlər əsassızdır, fakt və sübut olmalıdır.
– “Neftçi” klubu ardıcıl hakim haqsızlıqları ilə üzləşdiyini iddia edir...
– Ardıcıl deməzdim. Amma “Zirə” ilə oyunda "Neftçi"nin qapısına verilən penalti düzgün deyildi. Baxmayaraq ki, De Blekere dəstəklədi, amma qayda pozuntusunu harada gördü, necə gördü? Özüm şəxsən baxdım, orada aydın bir şey görmədim.
- AFFA İntizam Komitəsinin bu oyunla bağlı qərarlarında VAR maşını ətrafında təhlükəsizliyin tam təmin edilmədiyinə görə "Zirə"nin 1000 manat məbləğində cərimələnməsi də əksini tapmışdı. Bəlkə buna görə penalti təyin olunan epizodda görüntülər aydın deyildi?
- Mən VAR sisteminin 5-6 dəqiqə işləməməsindən danışmıram. Sonradan həmin görüntüləri göstərdilər. Amma qaydalarda "aşkar qayda pozuntusu varsa" yazılıb. Orada aşkar biz şey gördünüzmü? Şəxsən mən görmədim. Yalandan "penalti var idi" və ya "penalti yox idi" deyə bilmərəm. VAR texnologiyasının pis çalışması başqa məsələdir. Sonradan göstərilən görüntülərə 5-6 dəfə baxsam da, penalti verilməyə səbəb olan bir şey görmədim. Əvvəlcə görüntülər “fotoshop” idi, sonra göstərdilər, amma yenə də aydın görünmürdü.

- Sizcə, bu hakimliklə hara gedirik?
- Vəziyyət yaxşı deyil, çox geriyə gedirlər. VAR-a nə qədər arxayın olacaqsan? Elə "Zirə" - "Neftçi" oyunundakı kimi, VAR işləməsə, nə edəcəksiniz? Gözlərinin qabağında açıq-aşkar qayda pozuntusu olur. Biri var, gizli qayda pozuntusu ola, bir də var əlin başından yuxarıda, göydə topla oynayasan, amma görməsinlər. VII turda 3 belə epizod oldu – görmədilər. VAR çağırdıqdan sonra baxdılar, qərar qəbul etdilər. Məsələn, "Şamaxı" ilə oyunda “Qəbələ”nin qapısına təyin olunan penaltini götürək. Yaxud “Sumqayıt" - "Turan Tovuz” matçı olsun. Əl göydə, futbolçu başından yuxarıda voleybol oynayır, amma hakim gözünün qarşısında baş verən bu epizodu görmür, VAR çağırır. Bəs VAR olmasa, nə edəcəksiniz? İş getmir...
- "Qəbələ"nin VIII turda "İmişli" ilə səfər oyunu zamanı Ronaldo de Souza topu əli ilə saxlasa da, baş hakim İnqilab Məmmədov ona vərəqə göstərmədi. Bu epizodu necə dəyərləndirərdiniz?
- Həmin vaxt top irəli ötürülmüşdü və "Qəbələ"nin oyunçusu "İmişli"nin qapıçısı ilə təkbətək çıxa bilərdi. Lakin Ronaldu yerə yıxılıb və əlin qeyri-təbii vəziyyətində topu saxladı. Bu isə rəqibi aşkar qol imkanından məhrum etmək deməkdir. Burada ən azı sarı vərəqə verilməli idi və bu isə avtomatik qırmızı vərəqəyə çevriləcəyi anlamına gəlirdi. Çünki Ronaldonun artıq bir sarı vərəqəsi də var idi. Bu halda hər iki tərəf razı qalardı. "İmişli" oyunçusunun birbaşa qırmızı vərəqə ilə deyil, ikinci sarı vərəqə ilə qovulmasına, "Qəbələ" isə rəqibin azlıqda qalmasına razılaşacaqdı. Yəni, bu epizod qırmızı vərəqəlikdir. Lakin hakimləri malalamaq istəsələr, topun hələ hücumda olan futbolçunun nəzarətində olmadığını söyləyərlər. Amma bu da yenə ikinci sarıdan qırmızı vərəqə anlamını verir. Maraqlısı budur ki, orada referi Ronaldoya vərəqə göstərmir, amma qayda pozuntusu təyin edir. Sual olunur: Bunu yerə yıxılarkən özünü qorumaq üçün edilən hərəkət kimi qiymətləndirirsənsə, niyə oyunu saxlayırsan? Bu, o deməkdir ki, qayda pozuntusunu qeydə almısan və vərəqə göstərməlisən.
- Baş hakimin bağışladığı futbolçu sonradan "İmişli"nin qollarından birinin müəllifi oldu...
- Bəli. Bu, oyunun nəticəsinə təsir edən kobud səhv oldu. İnqilab Məmmədova qarşıdakı turda təyinat verilməməsi düzgün qərardır.
- Bəs "Neftçi" - "Araz-Naxçıvan" oyunundakı hakim idarəçiyi barədə nə deyə bilərdiniz?
- Hesab edirəm ki, "Araz-Naxçıvan"ın vurduğu birinci qoldan əvvəl "Neftçi"nin oyunçusuna qarşı kobudluq var idi və VAR müdaxilə etməli idi. Lakin nə VAR müdaxiləsi oldu, nə də hakim qayda pozuntusu qeydə aldı. Beləliklə, Naxçıvan komandası bərabərlik qolunu vurdu.
- "Neftçi"nin bərabərlik qolu daha çox müzakirə olunur...
- Burada isə VAR-ın hoqqası çıxdı. Əvvəlcə dedilər ki, VAR işləmir, sonra isə işlədi. Amma xətt çəkilmədi. Səbəbini bilən yoxdur. Belə olan halda hesab edirəm ki, yan xətt hakiminə inanmalı idik. Çünki xətdə olan yeganə hakim o idi və ofsayd qeydə almışdı. Peşəkar yanaşmama əsasən, orada oyundankənar vəziyyət idi. Ola bilsin, kimsə əks tərəfdən rakurs göstərsin - görüntü həmişə aldadıcı olur. Amma gördüyümüz görüntüyə əsasən, o, oyundankənar vəziyyətdir.
- Sizə elə gəlmirmi ki, VAR-a baxaraq qərar verdiklərini demək aldadıcı üsuldur? Hər halda, indiyədək də VAR xəttini təqdim etməyiblər...
- Maraqlısı budur ki, əvvəlcə VAR-ın işləmədiyini dedilər, sonra isə VAR görüntüsü əsasında qərar verdiklərini bildirdilər. VAR işləyirdisə, ofsayd xəttini niyə çəkmirsiniz? Ona görə də "Araz-Naxçıvan"ın AFFA-dan o görüntüləri tələb etməkdə haqqı var.
- "Turan Tovuz"un futbolçusunun "Qarabağ"la oyunda təkbətəkə doğru gedərkən, kobudluqla üzləşməsi qarşılığında rəqib oyunçunun qırmızı vərəqə almadığı da səhv qərar kimi dəyərləndirilir...
- Orada qırmızı vərəqə yox idi. Çünki topun istiqaməti birbaşa qapıya deyil, yanadır. Digər tərəfdən, top kiminsə nəzarətində deyil, üçüncüsü yanda digər oyunçu var.
– Ümumiyyətlə, İnqilab Məmmədovla bağlı fikirləriniz necədir? O, çimərlik futbolu üzrə FIFA referisidir, amma Premyer Liqa oyunlarına təyinat alıb. Çimərlik futbolu üzrə beynəlxalq təyinatını isə sonuncu dəfə bir il əvvəl alıb...
– İnqilab Avropada çimərlik futbolu üzrə sayılıb-seçilən hakimlərdəndir. Onun bir ildir təyinat almadığını bilmirdim, özündən soruşaram. Amma təcrübəli hakimlərdəndir, çempionat oyunlarını normal idarə edir.
– Yəni idarəçiliyini normal qiymətləndirirsiniz?
– Bəli, normaldır. Elə bir kobud səhvlərini görməmişəm.
– Amma belə iddialar var ki, "Sabah"a "işləyən" hakimlərdən biri odur...
- (gülür - red.) Əlinizdə sübut var? Gəlin, mən də elə deyim. Bəs sübut?
- Sübut Azərbaycan Kubokunun “Sabah” – “Qarabağ” finalı...
– Nə etmişdi ki?
- Hər halda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da narazılığını dilə gətirmişdi...
- Hə, yadıma düşdü. Orada səhvləri var idi. Bilirsiniz, mən bütün oyunlara əvvəldən axıradək baxıram deyə, epizodları qarışdırıram. Amma siz indi dediniz, yadıma düşdü. Bəli, səhvləri var idi.
– Bu mövsüm də "Sabah" - “Neftçi” oyununda mübahisəli qərarları olmuşdu...
– Hə, orada oyunçunun əlinə top yerdə uzanıqlı halda olduğu vaxt dəymişdi. Amma orada onun qərarı düz idi. Düzdür, “Neftçi” danışır, amma bu komandaya qarşı haqsızlıq bircə "Zirə" ilə matçda olub. Təbii ki, hamı günahları hakimliyin üstünə atır. Amma özlərində də axtarmaq lazımdır. Basala Sambu 3 metrdən boş qapıya vura bilmir, hakim nə etsin?



















































































