Rusiya millisinin və Moskva "Spartak"ının sabiq qapıçısı Aleksandr Filimonov ölkə futbolunun hazırkı vəziyyətini tənqid edib.
Sportnet.az xəbər verir ki, ötənlərin tanınmış qolkiperi Rusiyada futbolun ümumi səviyyəsinin xeyli aşağı düşdüyünü və futbolçuların diqqətinin oyundan çox kənar məsələlərə yönəldiyini söyləyib.
“Təəssüf ki, futbolun getdikcə zəiflədiyini görürəm. Uşaqların diqqəti daha çox futbol ətrafı məsələlərə yönəlib. Rusiya futbolu, sözün əsl mənasında, deqradasiya edir. İndi oyunlara nadir hallarda baxıram, amma baxanda da səviyyənin nə qədər aşağı olduğunu anlayıram. Ötürmə mədəniyyəti, qərarvermə… Bunlara baxmaq çox çətindir”, — deyə Filimonov “Spartak”ın rəsmi kanalına açıqlamasında bildirib.
Qeyd edək ki, Aleksandr Filimonov “Spartak”ın heyətində ardıcıl 6 dəfə (1996, 1997, 1998, 1999, 2000 və 2001) Rusiya çempionu olub.
Hazırda sabiq qapıçı məşqçilik fəaliyyəti ilə məşğuldur və uşaqlar üçün nəzərdə tutulmuş öz futbol akademiyasında çalışır.












































































