"Qələbəyə görə çox xoşbəxtəm. Çətin rəqibə qarşı oynayırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran evdə Almaniya "Ayntraxt"ına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşmada dubl müəllifi olan kolumbiyalı hücumçu ən yaxşı oyunçu seçilməsini belə şərh edib: "Şəxsi mükafatıma görə də sevincliyəm. Bu, məni daha çox qol vurmağa sövq edəcək. Öz potensialıma və bacarığıma bələd idim. Sadəcə, irəli getmək, uğur əldə etmək üçün işləmək lazımdır. Mən də çalışıram və hər şey alınır".
Duran bildirib ki, iki qol vurduqdan sonra 90+1-ci dəqiqədə əvəzlənərkən də qələbəyə inamlı olub: "Baş məşqçimiz Qurban Qurbanov nə etdiyini bilir. Həmin anda əvəzetməyə əl atdı. Mənim yerimə girən Musa Qurbanlı da qol vura bilərdi. İstənilən halda, qələbəyə inanırdım. sonda da qələbə oldu".
Qeyd edək ki, Kamilo Duran Çempionlar Liqasında qol sayını 4-ə çatdıraraq, "Qarabağ"ın ən yaxşı bombardiri ünvanını ələ keçirib.
















































































