Bu gün Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bir aylıq fasilədən sonra çempionatda mübarizə XVII turun iki qarşılaşması ilə bərpa olunacaq.
Açılış oyunu Quba Olimpiya İdman Kompleksində debütant "İmişli" ilə ötən mövsümün bürünc medalçısı "Araz-Naxçıvan" arasında keçiriləcək. Bu, Naxçıvan komandasının yeni baş məşqçisi Andrey Demçenkonun ilk rəsmi matçı sayılacaq.
Hazırda "İmişli" 17 xalla 9-cu, "Araz-Naxçıvan" 26 xalla 6-cı pillədə qərarlaşıb. İki komandanın ilk dövrədəki görüşündə Muxtar Respublika təmsilçisi qələbə qazanıb - 2:0. Növbəti qalibiyyət bu komandanın 3-cü pilləyədək irəliləməsinə səbəb olacaq. "İmişli" qalib gələcəyi təqdirdə isə ən azı bir neçə saatlıq 1 pillə irəliləyə bilər.
Bu, günün digər qarşılaşmasının nəticəsindən asılı olacaq. Həmin matç "Palms Sports Arena"da "Neftçi" və "Zirə" komandaları arasında keçiriləcək. Bu oyunda daha bir ukraynalı Yuri Vernidub "ağ-qaralar"ın baş məşqçisi kimi texniki zonada yer alacaq. Hazırda Vernidubun komandası 20 xalla 8-ci, onun rəqib həmkarı Rəşad Sadıqovun kollektivi isə 28 xalla 3-cü yerdə gedir. Qələbə "Zirə"nin mövqeyinə təsir etməyəcək, "Neftçi"ni isə 1 pillə irəli aparacaq.
İki komanda çempionatda 40-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki oyunların 14-dən "Neftçi", 15-dən "Zirə" qalib ayrılıbsa, 10 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də "qartallar"ın xeyrinədir - 46:43.
“Zirə” son 6 oyunu qolsuz tərk etməyib. Son 4 matçda üç və ya daha çox top vurulub.
Azərbaycan Premyer Liqası, XVII tur
23 yanvar (cümə)
14:30. “İmişli” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Quba OİK stadionu
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”
Qeyd edək ki, turun qalan oyunları 24-25 yanvarda olacaq.














































































