"Əlbəttə, qol vurduğuma görə xoşbəxtəm. Buna qədər U-19-un heyətində dəfələrlə fərqlənsəm də, əsas millidə ilk qolum oldu. İlklər hər zaman yadda qalan və əziz olur. Vurduğum qolu dünyasını vaxtsız dəyişmiş atama ithaf edirəm”.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Ədalət Ələkbərov Danimarkaya 4:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra azfutzal.az-a açıqlamasında deyib.
O bildirib ki, Danimarkaya 1:4 hesabı ilə uduzduqları ilk oyunda çoxlu səhvlərə yol veriblər: "Həm yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik, həm də rəqibin fərqlənməsi üçün boşluqlar verdik. Oyundan sonrakı gün baş məşqçi səhvlərimizi göstərdi, nələri düzgün etmədiyimizi dedi, necə oynamalı olduğumuzu bir daha videoanalizlərlə başa saldı".
Ələkbərov ikinci yoldaşlıq görüşündə qalib gəlmələrinin səbəbini belə izah edib: "Təbii ki, qısa vaxt ərzində hər şeyi dəyişmək mümkün deyil. Ancaq bəsit səhvlərdən qaçdıq. Üstəlik, məğlubiyyətin yaratdığı məyusluq və revaş istəyi qələbənin əldə olunmasında köməyimiz oldu. Doğma meydanda oynayırdıq, məsuliyyətimiz ikiqat idi. Düzdür, rəqibimiz Avropada futzal üzrə sayılıb-seçilən komanda deyil. Amma bu gün hər biri sürətlə inkişaf edir. Onlar bizdən əvvəl Norveçi böyük hesabla udub, rəsmi görüşdə Qazaxıstan kimi güclü və təcrübəli heyətə malik komandanı yeniblər. Bu onu göstərir ki, zəif rəqib yox, oyuna zəif yanaşma olur.
Qeyd edək ki, Ədalət Ələkbərov Danimarka ilə ikinci yoldaşlıq görüşündə Azərbaycan millisinin üçüncü qolunun müəllifi olub.















































































