Yanvarın 28-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda İngiltərənin “Liverpul” klubunun qonağı olacaq “Qarabağ” tarixi göstərici ilə yadda qalıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan çempionu Avropa kubokları tarixində “Enfild” stadionunda səfər oyunu keçirmək üçün ən uzun məsafə qət edən komanda olub.
“Qarabağ” ev oyunlarını Bakıda keçirir. Bakı ilə Liverpul arasındakı məsafə təxminən 4157 kilometr təşkil edir.
Bununla da Ağdam təmsilçisi indiyədək bu göstəriciyə görə rekordçu olan Rusiyanın “Anji Mahaçqala” klubunu geridə qoyacaq. Sözügedən rekord 2012-ci ildən bəri qüvvədə idi. Həmin vaxt Qus Hiddinkin rəhbərlik etdiyi, heyətində Samuel Eto’O-nun yer aldığı “Anji” Avropa Liqasının qrup mərhələsinin oyunu üçün “Enfild”ə 2378 mil məsafə qət etmiş və 0:1 hesabı ilə məğlub olmuşdu.
Bundan əvvəl “Makkabi Hayfa” (İsrail), "Dinamo Tbilisi" (Gürcüstan), “Spartak Moskva ”ı (Rusiya), “Apollon Limassol” (Kipr), “Trabzonspor” (Türkiyə), “Rubin Kazan” (Rusiya), eləcə də “Beşiktaş” və “Qalatasaray” (hər ikisi Türkiyə) klubları da müxtəlif illərdə “Enfild” stadionuna uzaq məsafədən səfər edən komandalar sırasında yer alıblar.
Qeyd edək ki, “Liverpul” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
















































































