"Sumqayıt"ın Ukraynanın "Polesye" klubundan icarəyə götürdüyü Azərbaycan millisinin futbolçusu Emil Mustafayev yeni komandasında Premyer Liqanın XVII turunda "Turan Tovuz"la oyunda debüt edib. 25 yaşlı yarımmüdafiəçi 1:2 hesabı ilə uduzduqları görüşün 75-ci dəqiqəsində meydançaya daxil olub.
Qarşılaşmanın ardından Mustafayev Sportnet.az-ın suallarını cavablandırıb:
- "Sumqayıt"a transferiniz hələ 2025-ci ilin yayında gözlənilirdi. Niyə alınmadı?
- Müəyyən məqamlar oldu. Sadəcə, sənədləşmə məsələləri alınmadı. Mən o məsələyə qarışmadım. Sadəcə, dedilər ki, klublar arasında anlaşma olmadı.
- "Sumqayıt"a tək gəlməmisiniz, "Polesye"dən komanda yoldaşınız Daniil Beskorovaynı da transfer olunub...
- Beskorovaynı yaxşı müdafiəçi, yaxşı transferdir. Əminəm ki, "Sumqayıt"a kömək edəcək. Gördüyüm qədərilə komandanın müdafiəsində problem yoxdur, amma onun etibarlılığı yüksəkdir. Çünki Daniil ucaboy, təcrübəli, yaxşı oyunçudur və komandanı gücləndirə bilər.
- Hansı səbəbdən "Polesye"dən "Sumqayıt"a gəldiniz?
- Özüm istədim, çünki oyun praktikası qazanmaq istəyirdim. Həm də "Sumqayıt" və onun oynadığı futbol yaxşıdır. Məşqçilər heyəti ilə də danışdım. Hər şey xoşuma gəldi və gəlməyə qərar verdim.
- Ukrayna çempionatının səviyyəsi barədə nə deyə bilərsiniz?
- Azərbaycan Premyer Liqası ilə müqayisə etsək, orada daha çox güc mübarizəsi gedir, sürət yüksəkdir.
- Azərbaycan kökləriniz barədə də danışardınız...
- Atam Şəkinin Kiçik Dəhnə kəndindəndir. Anam isə Ukraynadandır. Özüm azərbaycanca bilmirəm, amma atam bilir. Burada qalsam, tezliklə özüm də öyrənməyə çalışacağam. Başa düşürəm ki, Azərbaycan dilini öyrənməliyəm.
- "Turan Tovuz"a qarşı debüt matçınız barədə nə deyə bilərsiniz?
- Qış təlim-məşq toplanışından sonra ilk oyunumuz idi. Sadəcə, bir neçə epizodumuzdan istifadə edə bilmədik. Xüsusən, ikinci hissədə. Səbəbini bilmirəm. Bunu edə bilsəydik, minimum heç-heçə, hətta bizim xeyrimizə qələbə ola bilərdi. İmkanlardan istifadə çatışmadı. Lakin aşağı-yuxarı, hesab edirəm ki, ilk oyun üçün normaldır.
- Keçdiyiniz hazırlıq prosesi və sərgilədiyiniz oyunla avrokubok arzunuzu gerçəkləşdirə bilərsinizmi?
- Hər şey mümkündür. Bu, hələ birinci oyunumuzdur. Fikrimcə, qorxulu bir şey baş verməyib. Hələ qarşıda 16 tur var. Hər şey öz əlimizdədir. Görürəm ki, komandamızın avrokuboklara vəsiqəyə gücü var.
- Bura gələnədək Azərbaycan Premyer Liqasını, xüsusən, "Qarabağ"ı izləyirdiniz?
- Əlbəttə. Təkcə "Qarabağ"ı deyil, bütün komandaları tanıyıram. İzləməyə vaxtım var idi. Azərbaycanda ilk dəfədir gəlmirəm. Əvvəllər milli komandaya da çağırılmışam.
- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışı barədə nə deyə bilərsiniz?
- Ağlasığmaz oyun sərgiləyir. Görünür ki, xarakter, fərdi xüsusiyyətlər, kollektiv oyun hesabına nəticələr göstərirlər. "Çelsi", "Benfika" kimi komandalara qarşı bərabər səviyyədə oynamaq yüksək qiymətə layiqdir.
- "Qarabağ" Ukrayna Premyer Liqasında oynasaydı, hansı yeri tutardı?
- Dəqiqliklə deyə bilərəm ki, "3-lük"də olardı. "Şaxtyor", "Dinamo Kiyev" və "Qarabağ" (gülür - red.).
Elşən MƏMMƏDOV

















































































