“Qarabağ” komandası Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirəcəyi stadionu dəyişib.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu bununla əlaqədar Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Müraciətdə “Turan Tovuz” klubunun da müvəqqəti ev oyununu keçirəcəyi “Azersun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə 1 fevraldan başlayaraq, ev oyunlarının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə şərait yaradılması xahiş olunub.
Stadionun hazırki durumu, “Qarabağ”ın müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan PFL “Qarabağ”ın ev oyunlarının 1 fevrala təyin olunan “Turan Tovuz” görüşündən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Görüşün başlama saatı və günü ilə bağlı dəyişiklik yoxdur.















































































