"Əsas mərhələnin son oyununa çıxacağıq. Çox möhtəşəm stadionda çox möhtəşəm azarkeşlərə və özünəməxsus oyun üslubuna malik komandaya qarşı oynayacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Liverpul"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından əvvəl mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis bildirib ki, rəqibin heyətindəki bütün futbolçular daim istəkli olublar: "Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək və mübarizə aparaq. Futbolçularıma inanıram və əminəm ki, sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq".
Qurbanov son vaxtlar "Qarabağ"ın şanslarından çox danışıldığını bildirib: "Biz bu cür stadionda belə bir komandaya qarşı oynayacağıq. Özümüzü sırf bu oyuna kökləməliyik. Heç də hər zaman bu cür azarkeşlər önündə futbolun dadını görə bilmirsən. İnanıram ki, heç bir futbolçunun fikir və düşüncəsi digər oyunlarda olmayacaq. Hamının fikri bu oyunda olmalıdır ki, özlərini yaxşı tərəfdən göstərsinlər və intizamlı oyun sərgiləsinlər, yaxşı mübarizə aparsınlar".
O, "Liverpul"la matçı karyeranızda ən vacib sınaq sayırsınızmı?" sualını belə cavablandırıb: "Sınaqlarım çox olub. Bu günədək sınaqlardan pis çıxmamışıq. Amma sabah daha yaxşı nəticə əldə etmə şansımız var. Belə böyük oyunlarda bu günədək əldə etdiklərimizdən daha böyük nəticə göstərmək şansımız varsa, əlbəttə, bu, həm böyük sınaq, həm böyük imtahan, həm də böyük məsuliyyət tələb edir. Bəlkə də indiyədək böyük oyunların, imtahanların içərisində ən yuxarıda olanıdır".
Qurbanov onu da bildirib ki, belə böyük komandalara qarşı bu cür oyunlarda rəqibin probleminin olduğunu düşünmür: "Rəqibimiz böyük tarixə və təcrübəyə malik klubdur. Xüsusən bu mövsüm Çempionlar Liqasında həddindən artıq yaxşı nəticələr əldə edirlər. Ola bilər ki, Premyer Liqada nəticələri klubun hədəfləri baxımından ürəkaçan deyil. Amma Çempionlar Liqasında ən yaxşılardandırlar. Sadəcə, iki oyunda zəif nəticə göstəriblər. Amma bu komandanın oyun üslubu, futbolçuların bir-birilərini tamamlamaları düşündüyümüz problemləri tez aradan qaldırır. Ona görə də həddindən artıq diqqətli olmalıyıq".
Baş məşqçinin fikrincə, hər oyuna real baxmaq lazımdır: "Biz "Qarabağ" olaraq inkişaf ediriksə, deməli, daha məsuliyyətli, daha çox danışılası oyunların içinə giririk. Hansı ki, burada həm qalibiyyət, həm də məğlubiyyət rol oynaya bilər. Hər iki halda bu oyundan çox danışılacaq. Dəfələrlə bildirmişəm ki, bu cür komandalara qarşı belə bir stadionda oynamaq, məğlub olsaq da, bizə böyük təcrübə və gələcək işimiz üçün güvən verəcək. Avrokuboklarda müntəzəm iştirak etdiyimiz 15-16 il əvvələ dönsək, görərik ki, həm futbolçular, həm baş məşqçi, həm də klub olaraq, hər bir böyük oyundan sonra bizdə həyəcan daha da azalır, təcrübə isə daha da çoxalır. Futbol baxımından belə oyunların nəticəsi uğursuz ola bilər, amma gələcək nailiyyətlərimiz üçün bizə çox böyük təkan verir. Biz bu cür düşünərək bura gəlmişik. Hələ ilk püşkatmadan sonra bu, ən çox danışılan oyun idisə, deməli, azarkeşlərimizin sayı və "Qarabağ"a olan diqqət daha da çoxalıb. Bu, bir daha onu göstərir ki, Azərbaycanda futbolu sevirlər. Təkcə ölkə reallığında yox, ümumilikdə Avropada bütün klubların öz azarkeşləri var. O cümlədən, Bakıda da "Liverpul" azarkeşi çoxdur. Hətta bura gələn elə azərbaycanlı azarkeşlər var ki, özüm onlarla danışmışam, 10-15 ildir bu komandaya azarkeşlik edirlər. Düzdür, indi hansı komandaya azarkeşlik edəcəklərini soruşmadım, amma istənilən halda, rəqib komanda Azərbaycanda sevilir. Bu oyunun nəticəsindən asılı olmayaraq, inanıram ki, Azərbaycanda bizim futbola maraq daha da çoxalacaq və oyun daha da seviləcək".
Qurbanov bildirib ki, rəqibin Dominik Soboslai kimi sürətli futbolçularına qarşı hansısa tədbir görmələrini açıqlamaq düzgün olmaz: "Soboslai meydançanın hər yerində görünən, təhlükə yarada bilən, özünəxas oyun üslubuna malik futbolçudur. Florian Virts və Məhəmməd Salah da ona bənzərdir. Çox maraqlı və cəlbedici heyətləri var. Xüsusən də hücum xətti. Müdafiə xəttində isə Vircil van Deyk kimi çox təcrübəli kapitan və oyunçu yer alıb. Ümumilikdə bu komandaya qarşı oynamaq çox xoşdur. Əlbəttə, top rəqibdə olduqda təkcə müdafiəçilərimiz deyil, bütün oyunçularımız meydançanın istənilən yerində müdafiə olunmağı bacarmalıdırlar. Əlbəttə, rəqib futbolçuların ustalıqlarını nəzərə alaraq, daha diqqətli olmalıdırlar. Çünki rəqibin hücum xəttindəki bütün futbolçuların ustalıq səviyyələri həddindən artıq yüksəkdir. Sadəcə, biz bəzən bu cür komandalara qarşı öz oyun və düşüncəmizi meydançada göstərməyə çalışmalı, istəyimizi mütləq ortaya qoymağa çalışmalıyıq ki, gələcək üçün güc və potensialımızı bilək. Biz də topla maksimum davranmağa çalışacağıq. İstənilən halda, sadaladığım futbolçulara mütləq diqqət ayrılmalıdır".
Baş məşqçi belə oyunlarda rəqibin imkan verdiyi zonalardan maksimum istifadə etməyə çalışacaqlarını da diqqətə çatdırıb: "Əlbəttə, rəqibi analiz etmişik. Amma onlar bu səviyyədə oyunları ildə 50-60 dəfə keçirirlər. İnanmıram ki, belə qarşılaşmalarda hansısa boşluq verməyi düşünsünlər. Biz də maksimum çalışacağıq ki, öz hazırlaşdığımız və düşündüyümüz kimi hücumlar edək. Amma topla daha intizamlı davranmaq çox vacibdir".
İngiltərəli jurnalistin "Uğurlarınızın sirri nədədir?" sualına isə Qurbanov belə reaksiya verib: "Sirr deməzdim, sadəcə, 18 ildir bu komandadayam. Klubun qarşısına qoyulan məqsəd birdən birə uğur əldə etmək yox, yavaş-yavaş, pillə-pillə kiçik uğurlarımızı böyütməkdir. Rəhbərlik səviyyəsində klub çox böyük məsuliyyət altında idi. Çünki yəqin ki, məlumatınız var: Bu komandanın adı "Qarabağ"dır. "Qarabağ"ın Azərbaycan üçün nə olduğunu, hansı önəm kəsb etdiyini bilirsiniz. Bu klubun rəhbərindən tutmuş istənilən əməkdaşınadək hamı çox məsuliyyətlə çalışır, çox işgüzar kollektivimiz var. Özüm də illərlə futbolçu olduğumdan, bəlkə də mənim üçün daha asan oldu. Əvvəllər çox çətinliklərdən keçmişəm. İşgüzarlıqla və qarşımıza daha çox tələb qoyaraq, belə kiçik uğurlara imza atmışıq. Bu gün belə bir stadionda Çempionlar Liqasının əsas mərhələsinin oyununa çıxmaq bizim üçün çox böyük, sevindirici haldır. Məncə, yalnız zəhmət hesabına belə uğurlar əldə etmişik".
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu saat 00:00-da başlanacaq.













































































