"Təəssüf ki, böyük hesablı məğlubiyyət oldu. İstəməzdik ki, belə nəticə alınsın".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Liverpul"a 0:6 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçından sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis, uduzmalarına baxmayaraq, futbolçularını pley-off mərhələsinə yüksəlmələri münasibətilə təbrik edib: "8 oyunu analiz etsək və gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, çoxlu riskə getdik. Futbolçularım ən azından pley-offu haqq etdilər. Bu gün əlbəttə, daha yaxşı oynaya bilərdik. Bu, bizim oyunumuz deyil, daha yaxşı komandayıq. Baxmayaraq ki, "Liverpul"a qarşı oynayırdıq. Hər bir halda, layiqli məğlub olduq və layiqli də "24-lük"də olduq. Futbolçularımı və xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, biz ilk "24-lük"də olaq".
Qurbanov get-gedə oyunların qəlizləşəcəyini və rəqiblərin daha da güclənəcəyini diqqətə çatdırıb: "Qarşıda bizi daha böyük oyunlar gözləyir. Daha düzgün hazırlaşmağa çalışacağıq. Həmkarım Arne Slotu və komandasını ilk "8-liy"ə düşmələri münasibətilə təbrik edir və onlara da uğurlar arzulayıram".
O, pley-offda Fransanın PSJ və ya İngiltərənin "Nyukasl" komandalarından hansını görmək istədiyini açıqlamayıb: "Sadəcə, püşkün nəticəsini gözləyəcəyik. Hər birinin özünəxas oyun üslubu var. Hansı düşsə, daha diqqətli olmağa və yaxşı hazırlaşmağa çalışacağıq. Bu matçdan isə belə oynamamaq nəticəsini çıxaracağıq. Amma inanın ki, futbolçularımı başa düşürəm. Çünki 8 komanda arasında rahat rəqibimiz yox idi, geridə qalan oyunlarda çoxlu enerji sərf etmiş və çox cəsarətli olmuşdular. Sadəcə, ola bilsin, futbolçularda bir qədər arxayınlıq var idi ki, 10 xalla 90-95 faiz "24-lüy"ə düşmüşük. Amma hər bir halda "Liverpul" və onun stadionu digərlərindən bir az fərqli idi. Bunun da təsiri oldu. Amma məncə, bir də oynasaq, bundan yaxşı çıxış edəcəyik. Buna əminəm. Çünki futbolçularımla da oyundan sonda paltardəyişmə otağında danışığımız oldu ki, bundan daha yaxşı oynamağı bacarırıq və layiqik".
Baş məşqçi "Paltardəyişmə otağında futbolçular tarixi uğuru, yoxsa məğlubiyyəti qeyd edirdilər?" sualına isə belə cavab verib: "50-nin 50-yə. Həm tarixi nailiyyəti qeyd edirdilər, həm də məyus idilər. Meydançada qeyd etməmələrinin səbəbi məlumdur. Özləri də qəbul edirlər ki, daha yaxşı oynamalı idilər. Məncə səbəb bu idi. Həm də deyəsən, bizim oyun bitəndə digər matçların nəticələri hələ bəlli deyildi, davam edən qarşılaşmalar var idi. Mən Liverpullu jurnalistləri də təbrik edirəm. Çox yaxşı komandanız var".











































































