"Çox maraqlı və dinamik oyun oldu. Bu matçda yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdır. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Giorgi Çixradze evdə "İmişli"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra gürcüstanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü qələbədə Domi Massumonun rolu nə dərəcədə böyükdür?
- Çox vacib və gözəl qollar vurduq. Qələbədə payı böyükdür. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.
- Qarşıda kubok və çempionat oyunları var. Sıx qrafik komandaya necə təsir edəcək?
- Bizim üçün ən vacibi növbəti oyundur. Kubok və çempionatı ayırmırıq. Fasilə azdır, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq.
- "Karvan-Yevlax"ın bu gün məğlub olduğunu nəzərə alsaq, qələbəni 6 xala bərabər hesab etmək olar?
- Bizim üçün vacib olan özümüzün qalib gəlməsidir. Təbii ki, digər rəqiblərə də diqqət yetiririk. Amma ən vacibi bizim xallar toplamağımızdır.









































































