"Çox şadam ki, müdafiədə etibarlı oynayaraq, qalib gəldik. İlk matçımdan qələbə ilə ayrıldığım üçün məmnunam".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Daniil Beskorovaynı səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçı barədə danışarkən deyib.
Yeni komandasında debüt edən 27 yaşlı mərkəz müdafiəçisi süni örtüklü Yevlax şəhər stadionunda oynamağa adət etmədiyini bildirib: "Buna öyrəşmək lazım idi. Özüm çoxdandır süni örtükdə oynamırdım. Ona görə də ilk 15 dəqiqə ərzində uyğunlaşmağıma gərək duyuldu. Sonra isə hər şey normal getdi".
Beskorovaynı Ukrayna və Azərbaycan Premyer Liqalarını da müqayisə edib: "Ukraynada çempionat daha intensiv və nizam-intizamlıdır. Azərbaycanda isə daha çox təhlükəli vəziyyət yaradılır. Məncə, bu, azarkeşlər üçün daha maraqlıdır. Çünki hücumlar qarşılıqlı olur. Yəni, məsələn, əvvəlcə biz, daha sonra qarşı tərəf hücum edə bilər".
Yeni transfer "Sumqayıt"a keçidinin tarixçəsi barədə isə bunları deyib: "Təklif gəldi və biz nəzərdən keçirdik. Burada artıq komanda yoldaşım Emil Mustafayev də çıxış edirdi. O, komandada nəyin necə olduğunu danışdı. Nəticədə buraya gələrək, komandaya kömək etməyi qərara aldım".
Qeyd edək ki, Daniil Beskorovaynı Ukraynanın "Polesye" klubundan Emil Mustafayevlə birlikdə mövsümün sonunadək icarəyə götürülüb. O, "Karvan-Yevlax"la matçı əvəz olunmadan keçirib.












































































