Futbolda qaydalar yenə dəyişiklik astanasındadır.
Sportnet.az xəbər verir ki, 28 fevralda Uelsdə keçiriləcək İFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) illik iclası təkcə texniki korrektələr yox, oyunun fəlsəfəsinə təsir edə biləcək qərarlarla yadda qala bilər.
Son illər demək olar ki, hər mövsüm yeni təşəbbüslər ortaya atılır. Amma bu dəfə müzakirələr daha dərindir: ofsaydın mahiyyəti, VAR-ın səlahiyyətləri, vaxt uzatmalarına qarşı mübarizə və hətta penaltilərdə qa“dobivanie”nin ləğvi kimi təkliflər gündəmdədir.
“Venger ofsaydı”: inqilab, yoxsa illüziya?
Ən çox müzakirə olunan məsələ yenə də Arsen Vengerin ofsaydla bağlı təklifidir. Onun ideyasına görə, hücumçu müdafiəçi ilə eyni xətdədirsə və bədəninin hər hansı qol vurula bilən hissəsi (baş, bədən, ayaq) müdafiəçi ilə paraleldirsə, ofsayd sayılmamalıdır.
İlk baxışdan bu, “millimetrik ofsaydlar"ın aradan qaldırılması kimi təqdim olunur. Lakin reallıq fərqlidir. Texnoloji baxımdan yenə də xətlər çəkiləcək, yenə də santimetrlər ölçüləcək. Sadəcə ölçmə nöqtəsi dəyişəcək. “Burnun ucu” əvəzinə “dabanın ucu” müzakirə ediləcək.
Daha ciddi sual isə taktiki müstəvidədir. Bu dəyişiklik hücum futbolunu stimullaşdıracaqmı? Yoxsa müdafiəçilər daha dərinə çəkilərək “avtobus” strategiyasını gücləndirəcək? Yüksək pressinq zəifləyəcəkmi? Libero mövqeyi qayıdacaqmı?
Hələlik kifayət qədər genişmiqyaslı sınaqlar aparılmayıb. Ona görə də İFAB tələsmir. Qaydalar şurası radikal addım atmazdan əvvəl riskləri tam qiymətləndirmək istəyir.
VAR: köməkçi alət, yoxsa “gizli hakim”?
VAR-la bağlı isə FIFA və UEFA arasında fəlsəfi fərq getdikcə açıq görünür. UEFA-nın Hakimlər Komitəsinin rəhbəri Roberto Rosetti açıq mesaj verib: VAR yalnız açıq və aşkar səhvlər üçün istifadə olunmalıdır.
Rosetti bir oyuna orta hesabla 0,30 - 0,33 VAR müdaxiləsini ideal sayır. Lakin Çempionlar Liqasında bu rəqəm artıq 0,45-dir. Bəzi ölkə çempionatlarında isə daha da yüksəkdir.
FIFA isə VAR-ın səlahiyyətlərini genişləndirməyi planlaşdırır. 2026-cı il dünya çempionatı ərəfəsində künc zərbələrinin düzgün təyin olunub-olunmamasının da yoxlanılması gündəmdədir. Bu isə sual doğurur: oyun daha da tez-tez dayanacaqmı?
Rosetti xəbərdarlıq edir: hakim meydanda əsas fiqur olaraq qalmalıdır. Əks halda o, arxasında “səsli köməkçi” gözləyən passiv fiqura çevrilə bilər.
İkinci sarı vərəqə və ədalət paradoksu
Yeni protokola əsasən, 2026/2027 mövsümündən VAR ikinci sarı vərəqə nəticəsində verilən qırmızı kartları da yoxlaya biləcək. Amma verilməyən sarı vərəqələr yenə VAR-ın səlahiyyətində olmayacaq.
Bu isə paradoks yaradır. Təsəvvür edin ki, rəqib futbolçu ilk dəqiqələrdə iki açıq sarılıq epizoddan birini “bağışladır”, amma sizin oyunçunuz son dəqiqədə səhvən ikinci sarı ilə meydandan qovulur. VAR yalnız ikinci epizoda müdaxilə edəcək. Birinciyə yox.
Vaxt uzatmalarına qarşı sərt tədbirlər
İFAB vaxt itkisinə qarşı da daha sərt mexanizmlər tətbiq etmək niyyətindədir:
- Əvəzlənən oyunçu 10 saniyə ərzində meydanı tərk etməlidir;
- Aut və qapı zərbələri üçün vaxt limiti tətbiq oluna bilər;
Həkim çağırılan futbolçu müəyyən müddət (məsələn, 30 - 60 saniyə) meydançadan kənarda qalmalıdır.
Bu sonuncu qayda artıq FIFA turnirlərində sınaqdan keçirilib. Məqsəd simulyasiyaların və süni vaxt uzatmalarının qarşısını almaqdır.
Penaltilərdə qayıdan topa vuruş ləğv edilə bilər?
Hakimlər Komitəsinin rəhbəri Pierluici Kollinanın daha əvvəl səsləndirdiyi təklif də gündəmdən tam düşməyib: penalti zərbəsindən sonra top qapıçıdan qayıdarsa, oyun dayandırılsın və qapı zərbəsi verilsin.
Statistikaya görə, penaltilərin təxminən 75 faizi onsuz da qolla nəticələnir. Qayıdan topa təkrar vuruşların ləğvi qapıçıların işini asanlaşdırar və VAR üçün əlavə yoxlamaları azaldar. Amma bu, oyunun dramatizmini azaldarmı?
Futbol vahid qaydalarla oynanırmı?
Ən böyük problem isə başqa yerdədir: texnologiyanın tətbiqi bərabər deyil. Dünya çempionatında çipli toplar, yarıavtomatik ofsayd sistemi, geniş hakim briqadası var. Bir çox milli liqalarda isə nə VAR, nə əlavə kamera mövcuddur.
Belə şəraitdə sual yaranır: eyni futbolu doğrudanmı eyni qaydalarla oynayırıq?
Nəticə: Futbol haraya gedir?
Futbol daim dəyişir. Amma sual budur: dəyişikliklər oyunu sadələşdirir, yoxsa mürəkkəbləşdirir? Hakimlərin məsuliyyəti artır, yoxsa azalır? Hücum futbolu güclənir, yoxsa müdafiə daha da betonlaşır?
İFAB yaxın günlərdə bəzi qərarları təsdiqləyə bilər. Amma görünən odur ki, UEFA daha ehtiyatlı mövqe tutur və radikal dəyişikliklərin sürətlə tətbiqinə qarşıdır.
Bir məsələ aydındır: futbol artıq yalnız meydanda deyil, iclas otaqlarında da oynanılır. Və həmin otaqlarda verilən qərarlar yaxın illərdə oyunun simasını ciddi şəkildə dəyişə bilər.











































































