AFFA-nın uşaq futbolunun inkişafı strategiyasına uyğun olaraq, “Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək” prosesində həyata keçirilən akademiya səfərləri çərçivəsində növbəti görüş “Araz-Naxçıvan”ın akademiyasında baş tutub.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səfər zamanı akademiyanın direktoru Sakit Rzayevlə geniş müzakirələr aparılıb, mövcud fəaliyyət istiqamətləri və gələcək inkişaf perspektivləri ətraflı şəkildə nəzərdən keçirilib.
Görüşdə aşağıdakı məsələlər müzakirə olunub:
• Akademiyanın mövcud infrastruktur imkanları;
• Naxçıvan regionunda mövsümboyu mütəmadi yarışların keçirilmə imkanları;
• Yaş qrupları üzrə fəaliyyət modeli;
• Məşq prosesinin təşkili və metodoloji yanaşmalar;
• Region futbolunun inkişafında akademiyanın rolu;
• Uzunmüddətli inkişaf baxışı və strukturlaşma perspektivləri.
Qeyd olunub ki, Naxçıvanda futbola maraq, potensial mövcuddur və bu potensialın sistemli şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Tərəflər arasında akademiya fəaliyyətinin mərhələli şəkildə təkmilləşdirilməsi, idarəetmə və proqramlaşdırma istiqamətində struktur addımların atılması, eləcə də gələcək inkişaf planının hazırlanması barədə qarşılıqlı razılıq əldə edilib.
Səfər regionlarda vahid və dayanıqlı akademiya modelinin formalaşdırılması istiqamətində davam edən prosesin tərkib hissəsidir.