"İmişli" komandasının kapitanı Azər Salahlının səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Artıq Premyer Liqada qalmağı təmin etdiyinizi deyə bilərik. Bu nəticə və mövsüm barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, ümumən yaxşı mövsüm keçirdik. 32 xal toplamışıq. Amma xalımız daha çox ola bilərdi. Müəyyən səbəblərdən bunu edə bilmədik. Yaxşı kollektiv formalaşdırmışdıq. Xarakterli futbolçular, məşqçi heyəti var idi. Bunun da bəhrəsini gördük. Sona 3 tur qalmış liqada qalmaq hədəfimizə sona 3 tur qalmış çatdıq. Vəzifəmizin öhdəsindən gəldiyimiz üçün sevincliyik. Növbəti oyunlara da hazırlaşacağıq.
- Bugünkü nəticədə rəqibin avrokuboklara vəsiqə şanslarının xeyli azalması baxımından heç bir motivasiyasının qalmaması rol oynadımı?
- Belə düşünməzdim. Çünki çətin görüş keçdi. Oyun tərzimiz kompaktdır. Daha çox müdafiədən oynayır və şanslar düşdükcə, rəqibi əks-hücumda yaxalamağa çalışırıq. Bu gün də çətin oyunlarımızdan biri oldu. Rəqib sonlara doğru təzyiqi get-gedə artırırdı. Lakin biz təzyiqlərə dözə bildik və qələbə qazandıq.
- Heyətdə portuqaliyalı futbolçuların sayı çoxdur. Ümumi nəticələrinizdə onların payı və bu halda yerli futbolçuların əsas heyətə düşmə şansları nə qədərdir?
- Meydançaya çıxan hər bir futbolçu çalışır ki, əlindən gələnin artığını etsin. Fərq etmir: İstər legioner, istər yerli olsun. Düşünürəm ki, komandamızda rəqabət var. Rəqabətin olduğu yerdə də inkişaf hər zaman olur. Heyətdə yaxşı legionerlər formalaşıb. Amma legionerləri xüsusi vurğulamazdım. Ümumi olaraq komanda şəklində xarakterli futbolçularımız var. Bunun da nəticəsini gördük.
- Bu mövsüm legioner limitinin ləğvinin təsirini hansı formada hiss etdiniz?
- Bugünkü oyun da, ötən qarşılaşmada da limitin ləğvinə baxmayaraq, 4 yerli futbolçu ilə başladıq. Limitə çox diqqət yetirmirik. Yerli futbolçular da meydançaya çıxıb əllərindən gələni edirlər.
- XII turdakı 3:2 hesablı səfər qələbəsindən sonra keçmiş klubunuz "Neftçi"də baş məşqçi dəyişikliyinə səbəb olmuşdunuz. Sizi komandada görmək istəməyən Samir Abasova qarşı daxilinizdə hansısa inciklik hissi qalıb?
- Bu futboldur, heç bir inciklik hissi yoxdur. 4 il o komandanın şərəfini qorudum. Bu, mənim üçün həqiqətən də qürur idi. Hər futbolçuya böyük büdcəli klublarda oynamaq qismət olmur. Daha çox aşağı büdcəlilərdə də oynamaq olar. Onlara qarşı heç bir incikliyim yoxdur. "Neftçi" son oyunlar yaxşı təsir bağışlayır. Uğurlar arzulayıram.
- Lakin "İmişli" sizin təqdimatınızı sanki "Neftçi"yə qarşı atmacalı formada hazırlamışdı. Belə iddialar var idi ki, bu, sizin istəyinizlə hazırlanıb..
- Elə də atmacalıq bir şey yox idi. Məncə, futbolda belə şeyin olması gözəldir. Təqdimetmə oldu, klub da belə addım atdı. Bu, mənim istəyimlə baş verməmişdi. Düşünürəm ki, ciddi bir problem yoxdur. Yaxşı təqdimat idi.
- Keçmiş klubunuzun avrokubok şansını necə dəyərləndirirsiniz?
- "Qarabağ"a acı məğlubiyyət yaşamalarına baxmayaraq, 4 gün içində yenidən toparlanaraq qalib gəlməyi bacardılar. Bu, çox vacib idi. Bunu hər komanda edə bilməzdi. Hər şey öz əllərindədir. Onlara uğurlar arzulayıram. Ümid edirəm ki, istəklərinə çatarlar. Təəssüf ki, mənim olduğum müddətdən bəri də avrokuboklara vəsiqə qazana bilmirdik. Düşünürəm ki, bu mövsüm o tilsimi qıracaqlar.
- Avrokuboklara gedəcək "4-lük" gözləntiniz necədir?
- Proqnoz vermək çətindir. Çünki "Zirə" də yaxşı formadadır. "Zirə" Azərbaycan Kubokunun finalında da çıxış edəcək. Bunun özü də üstünlükdür. Hansı komanda gedəcəksə, uğurlar arzulayıram.
- Bəs sizcə, digər keçmiş klubunuz "Qarabağ" niyə çempion ola bilmədi?
- "Sabah" çox uğurlu mövsüm keçirdi. Çünki güclü komanda formalaşdırıb yaxşı futbol göstərirlər. Düşünürəm ki, onun da bəhrəsini gördülər. Məncə, "Qarabağ" böyük uğurlardan sonra yoruldu. Rəqabətin olması hər zaman vacibdir. "Qarabağ" Çempionlar Liqasındakı uğurlardan sonra yorğun oldu, Premyer Liqada da ağır mövsüm keçirdi. "Sabah" da bundan istifadə etdi.
- "Sabah"ı məğlub edən yeganə komanda kimi özünüzlə qürur duyursunuz?
- Əlbəttə, "Sabah"ı udmağı hələlik təkcə biz bacarmışıq. Əlbəttə, bu, sevindirici haldır.
Mikayıl HACIYEV

















































































