“Öncə "Neftçi" komandasını UEFA Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Maraqlı oyun alındı. Daha az forma şansı qazanan futbolçular meydanda idi və bu, rəqib üçün də yaxşı fürsət oldu. Komanda olaraq pis çıxış etmədik. Sadəcə, buraxdığımız xırda səhvlər qapımızda qollarla nəticələndi və sonda məğlub olduq”.
Bu sözləri evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXII tur oyunundan sonra Sportnet.az-a açıqlamasında "Sabah" komandasının qapıçısı Nicat Mehbalıyev deyib.
25 yaşlı qapıçı daha sonra mövsümü dəyərləndirib: “Qızıl dubl"a imza atdıq. Açığı, emosiyalarımı sözlə ifadə etmək çox çətindir. Bu mövsüm bizim üçün həm uğurlu, həm də yaddaqalan keçdi. Hər iki cəbhədə gərgin mübarizə aparırdıq. Liqada çempion olacağımıza inanırdım, amma "qızıl dubl"a nail olacağımızı tam düşünmürdüm. Sevinirik ki, hər iki kuboku qazandıq. Komandamızın hər bir üzvü bu uğura layiq idi. Ümid edirəm ki, bu uğurlar davamlı olacaq. Bundan sonrakı əsas məqsədimiz isə avrokuboklarda qrup mərhələsində çıxış etmək və həmin həyəcanı yaşamaqdır”.
Mehbalıyev əlavə edib ki, "Sabah"da hər şey yaranan ilk gündən planlı və mərhələli şəkildə inkişaf edib: “Bütün bu prosesin sonunda çempionluğun gələcəyinə inanırdıq. Bu, üzərimizdə əlavə təzyiq yaratmırdı. Sadəcə, bizə göstərilən dəyərin və etimadın qarşılığını vermək məsuliyyəti hiss edirdik. Əslində, büdcəsindən asılı olmayaraq hər bir klub çempion olmaq istəyir. Sadəcə, bu mövsüm buna ən çox inanan və ən çox istəyən tərəf biz olduq”.
Haşım MƏMMƏDOV






































































