O bildirib ki, Topaz Premyer Liqasının son turunda "Rəvan"a bilərəkdən xal verəcəkləri barədə xəbərlər əsassızdır: "Hesab edirəm ki, bu oyunda "Bakı” "Rəvan"a uduzmayacaq. Çünki bizim komanda "Rəvan”dan qat-qat güclüdür. Hazırda göstərdiyimiz oyun onu deməyə əsas verir ki, bizim komanda qalib gələcək".
"Bakı"nın "Rəvan"a uduzacağını iddia edənlər iki klubun prezidentləri - Hafiz Məmmədovla Nuru Əliyevin quda olmaları faktına əsaslanırlar. Seyidov isə deyib ki, qohumluq münasibətlərinin idman prinsiplərinə heç bir təsiri ola bilməz: "Biz ilk növbədə, Azərbaycanda yaşayırıq. Azərbaycan kiçik bir ölkədir. Ona görə də buradakı klublarda yaxınlıq, qohumluq əlaqələrinin olması təbiidir. Ümumiyyətlə, təkcə "Bakı” və "Rəvan” deyil, ölkəmizdə bütün klublar arasında yaxınlıq, xoş münasibətlər var. Çünki Azərbaycan elə də böyük ölkə deyil. Ona görə də bu cür münasibətlərin olması normaldır".
Qeyd edək ki, "Rəvan" Premyer Liqadakı son pillədən qurtulmaq üçün "Bayıl Arena"da "Bakı"nı məğlub etməli və "Sumqayıt"ın səfərdə "Qəbələ"yə uduzacağına ümid etməlidir.