Azərbaycan milli komandasının qarşıdakı rəqibi olan Qazaxıstan yığmasının baş məşqçi postuna iki namizəd qalıb. Sportnet.az-ın məlumatına görə, bunlar italiyalı Cennaro Qattuzo ilə slovakiyalı Vladimir Vayssdır.
Qazaxıstan Futbol Federasiyası məhz bu 2 mütəxəssislə danışıqları davam etdirir. Bu isə əməkdaşlığın maddi tərəfləri ilə bağlıdır. Danışıqlar prosesinə Qattuzonun İtaliyanın "Piza” klubu ilə bu ilin mayınadək müqaviləsinin olması təsir göstərir.
38 yaşlı Qattuzo 2013-cü ildən məşqçiliyə başlayıb. O, İsveçrədə "Syon”da, Yunanıstanda OFİ-də, vətənində isə həmçinin "Palermo”da işləyib. Cennaro futbolçu karyerası zamanı İtaliya yığmasının heyətində millimizə qarşı oynayıb, Bakıya da gəlib.
Hazırda işsiz olan Vayss isə 2012-15-ci illərdə Qazaxıstanda – "Kayrat” klubunda çalışıb. Ancaq Almatı təmsilçisini çempion edə bilmədiyindən onunla müqavilə uzadılmayıb.
Qeyd edək ki, milli komandamız Antalya təlim-məşq toplanışı çərçivəsində martın 26-da Qazaxıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.