Tiflis "Lokomotiv”inin futbolçusu David Çaqelişvili Bakının "İnter” klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadzedən söz açıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu Tsxadadzenin Gürcüstan yığmasında çalışdığı dövrü yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Tsxadadzeni əvəzləyən slovakiyalı yeni baş məşqçi Vladimir Vayssın zamana ehtiyacı var: "Bildiyiniz kimi, Gürcüstan yığmasında yaxında baş məşqçini dəyişdilər. Əlbətə, mən Qazaxıstanda oynadığım zamanı Vayssın necə işlədiyini izləmişdim. O, çox yaxşı və səviyyəli mütəxəsssidir. Ancaq Vayss hələ gürcü futbolçularla şəxsən tanış deyil. Tsxadadze isə bizim yığma komandada çox böyük işlər gördü. Ümid edirəm ki, gürcülər Qazaxıstan yığmasına qalib gələcəklər”.
Məlum olduğu kimi, Vayssın Gürcüstan millisində debütü martın 29-da Qazaxıstan yığması ilə Tiflisdəki yoldaşlıq görüşündə olacaq. Çaqelişvilinin fikrincə, bundan 3 gün öncə Azərbaycan yığması ilə Antayada sınaq matçı keçirəcək Qazaxıstan yığması da müəyyən çətinliklə üzləşib: "Bu milli komandada da baş məşçqi problemi var. Ona görə də Qazaxıstan və Gürcüstan yığmalarının şanslarının bərabər olduğunu düşünürəm”.
Qeyd edək ki, yeni baş məşqçi axtarışında olan qazaxlar millimizlə oyuna 4 nəfərdən ibarət məşqçilər heyətinin rəhbərliyi altında çıxacaqlar.