Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov Qazaxıstanla bu gün keçirəcəkləri yoldaşlıq görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, gənc futbolçu meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib.
- Qazaxıstanla yoldaşlıq görüşünün hazırlığını artıq yekunlaşdırmısınız. Hazırlıq necə alındı?
- Toplanış çox yaxşı keçdi. Bildiyiniz kimi, Qazaxıstanla oyun yoldaşlıq görüşü xarakteri daşıyır. Buna baxmayaraq, matça ciddi hazırlaşırıq. Sabah qələbə qazanmağa çalışacağıq.
- Zədənizlə bağlı hansıs bir probleminiz qalmayıb?
- Düzdür, ayağımda bir qədər ağrılar oldu. Bu üzdən, ilk vaxtlar komanda ilə birgə məşq etmədim. Ancaq indi hər şey normaldır. Kollektivlə son hazırlıqlarda iştirak etdim.
- Uzunmüddətli fasilədən sonra yenidən milli komandaya qayıtdınız. Baş məşqçinin etimadını doğruldacağınıza inanırsınızmı?
- Əlbəttə, yığmaya yenidən çağırıldığım üçün çox sevinirəm. Çünki uzun müddət idi millidən kənarda qalmışdım. Ağır zədədən sonra əvvəlki formamı bərpa edib, yenidən yığmaya dönmək üçün çox çalışdım. O ki qaldı Qazaxıstanla oyuna, baş məşqçi şans versə, təbii ki, əlimdən gələni edəcəyəm. Həm özümü meydanda yaxşı tərəfdən göstərməyə, həm də komandaya xeyir verməyə çalışacağam.
- Qazaxıstanın güclü və zəif cəhətlərini təhlil etmisiniz?
- Bəli, təhlil etmişik. Yoldaşlıq oyunu olsa da, rəqib barədə ətraflı məlumat toplamışıq. İstənilən halda, sabah meydana qələbə üçün çıxacağıq.