
Bakıda keçirilən 17 yaşadək yığmalar arasında Avropa çempionatının final mərhələsində 1/4 finala çıxan 2-ci milli komanda müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan millisinin yer aldığı A qrupuna lideri olan Portuqaliya yığmasıdır.
Pireney təmsilçisi bu gün Şotlandiya yığmasına 2:0 hesabı ilə qalib gələrək hesabına 6 xal yazıb. Yüzfazili nəticə göstərən portuqaliyalıların qrupda mübarizəni ən azı 2-ci pillədə başa vuracağı dəqiqləşib. Ona qrupda 1-ci olmaq üçün son turda Belçika ilə matçda 1 xal da yetərlidir.
Hesabında xal olmayan Şotlandiya isə artıq şansını itirib ki, millimizi mayın 11-də son turda məhz bu rəqiblə görüş gözləyir. Qrupumuzda 2-ci vəsiqə Belçika və Azərbaycandan birinə qismət olacaq.
Xatırladaq ki, 1/4 finala ilk vəsiqəni B qrupunun lideri Avstriya qazanıb. Bu milli komanda da ilk 2 oyundan sonra yüzfaizli nəticəyə malikdir. Həmin qrupda xalsız olan Bosniya və Herseqovina yığması bütün şansını itirib. Qrupda ikinci 1/4 finalçı Almaniya və Ukraynadan biri olacaq ki, bu da mayın 11-də bilinəcək.