Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) futbolçusu Murad Mahmudov tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, Almaniyanın "Leypsiq" klubunun hücumçusu final mərhələsində ilk qolumuzun müəllifi olub.
Mahmudov Belçika ilə matçda fərqlənməklə həm yığmamıza ilk xalı qazandırıb (1:1), həm də ümumiyyətlə, həlledici mərhələdə ilk qol vuran futbolçumuz olub. Məsələ ondadır ki, bunadək final mərhələsində çıxış edən komandamız U-17 qızlar olsa da, onlar rəqib qapısına yol tapa bilməmişdi. 2012-ci ildə Azərbaycanda keçirilən dünya çempionatının final mərhələsində çıxış edən qızlarımız qrupda 3 matçda məğlub olmuşdular. U-17 oğlanlar isə final mərhələsində ilk görüşündə Portuqaliyaya 0:5 hesabı ilə məğlub olmuşdu.
Özü də Murad Belçika ilə matçda sonradan meydana çıxması və yığmada debütündə qol vurması ilə diqqət çəkib. Zədələnən komanda yoldaşı Yusif Həsənovu hələ ilk hissədə əvəzləyən Mahmudov ilk matçındaca fərqlənməklə adını futbol tariximizə yazdırıb. Bununla da Murad yığmamızı ilk qol, ilk xal muradına çatdırıb.