Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov Türkiyənin "Karşıyaka" klubundan FİFA-ya şikayət edib. Bu haqda Sportnet.az-a məlumat verən futbolçu dünya ali futbol qurumundan rəsmi cavab gözlədiklərini bildirib.
Şükürov Türkiyənin I Liqa təmsilçisi ilə müqaviləsi olduğu üçün başqa klubla anlaşa bilmədiyini söyləyib: "Karşıyaka" 7 ay maaşımı vermədi. Mən də buna etirazımı bildirdim, məşqlərə getmədim. "Karşıyaka" ilə 2 illik - "1+1" şərtilə müqaviləm, pul problemim var. Ona görə söhbətimiz qalıb. Klubumu dəyişmədim ki, pulumun hamısını alım. Mayın sonunda müqaviləm bitir. Pul işimi həll edəndən sonra digər klublarla danışıqlar aparacağam. Mən orada sırf pulumu itirməməyə görə heç bir klubla müqavilə bağlamadım".
Futbolçu məsələsi ilə türkiyəli vəkilinin məşğul olduğunu bildirib: "Karşıyaka"dan alacağım məbləği və vəkilimin kimliyini açıqlaya bilmərəm. Ancaq çoxdur. Məsələm tam həll olunanda özünüz də görəcəksiniz. "Karşıyaka"nın rəsmi saytında hansı futbolçuların pullarını verdiklərini yazacaqlar. FİFA-ya da, Türkiyə Futbol Federasiyasına da şikayət olunub. Qərarı gözləyirik. FİFA-dan sənəd gəlməlidir ki, Mahir Şükürovun pulunu verməlisiniz. Vəkilim mənə dedi ki, başqa klubla müqavilə bağlamasan, bu mövsümün də puluna ala bilərik. Çünki müqavilən "1+1" illikdir. Ona görə də gözləməli oldum".