"Samuel Armenterosun "Qarabağ”la bağlı möqveyi ilə internetdən tanış olduq. Baş məşqçimizin onu saxlamaq istəyib-istəmədiyini heç bilmirdim. Məncə, futbolçu fikrini açıqlamaqla tələsdi”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.
Ağdam klubuna ötən yay gələn Armenteros "Twitter” hesabında gedişinin dəqiqləşməsi ilə bağlı məlumat yayıb. Çəlikəl isə bildirib ki, "Qarabağ” nəinki Armenterosu, heç kimi zorla saxlamağı düşünmür: "Biz heç kimi komandada güclə saxlayası deyilik. Heç kəs məcbur deyil ki, "Qarabağ"da oynasın. Bu, hətta müqaviləsi olanlara da aiddir. Ürəyi burda olmayan futbolçuların gedə bilmələri üçün həmişə qapını açmışıq. Indi də yaxşı nümunələr var ki, Armenteros da bunlardan biridir. Onun "Qarabağ"la hələ 1 illik müqaviləsi olsa da, özünü burada azad hiss etmirsə, gedişinə çətinlik törətməyəcəyik”.
"Qarabağ" rəsmisi isveçli forvardın hazırda komandada olduğunu və "Neftçi" ilə sabahkı final oyununa hazırlaşdığını söyləyib. Bu matçdan sonra isə onunla söhbət nəzərdə tutulub: "Bizim üçün mövsüm hələ bitməyib. Baş məşqçimiz Qurban Qurbanov özü bizdən xahiş edib ki mövsüm bitməmiş onunla heyət, transferlərlə bağlı danışmayaq. Çünki hazırda motivasiya tamam başqa yöndədir və bütün diqqətlər kubokdakı final matçına yönəlib. Xaricə getmək və ya dincəlmək istəyən futbolçularımız bəlkə bir neçə gün yubanacaqlar. Biz ona üstünlük veririk ki, transfer, müqavilə məsələlərini axırıncı oyundan sonraya saxlayaq".