"Sumqayıt" 2016/2017 mövsümü üçün ilk transferini rəsmən açıqlayıb. Sportnet.az-ın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi klubun futbol məktəbinin yetirməsi olan 2006-cı ildən "Qarabağ"da çıxış edən Fərhad Vəliyevi heyətinə qatıb.
36 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2006-cı ildən 32 dəfə Azərbaycan millisində meydana çıxıb.
Qeyd edək ki, əlcək sahibi karyerası ərzində "Neftçi" (2003/2004) və "Qarabağ"la (2013/2014, 2014/2015, 2015/2016) ümumilikdə 4 dəfə Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb ("Neftçi" 2001/2002, 2003/2004 / "Qarabağ" 2008/2009, 2014/2015, 2015/2016).