"İlk oyunda qələbə qazabnmağımıza baxmayaraq, bu oyuna çox ciddi hazırlaşmışdıq. Nəticə bizim üçün çox önəmli idi. Allaha şükürlər olsun ki, böyük hesabla qalib gələrək, xalqımızı sevindirdik". Sportnet.az-ın məlumatına görə, bunu Malta "Valletta"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra "Qarabağ"ın futbolçusu Namiq Yusifov deyib.
Yusifov rəqibin zəif təsir bağışlaması fikri ilə razılaşmayıb. O, matçın sonlarında iki komanda arasında baş verən gərginlikdən də danışıb: "Oyunun sonlarına yaxın meydanda bir qədər gərginlik yarandı. Rəqib futbolçular özlərini cilovlaya bilmədilər. Futbolda belə hallar olur".
Qeyd edək ki, 4:0 hesabı ilə qalib gələn "Qarabağ" III təsnifat mərhələsinə yüksəlib. Növbəti rəqib Avstriya "Zalsburq"u olacaq.