"Qəbələ” klubu Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia”sı ilə keçirəcəyi ilk oyununun Bakıdakı hazırlıqlarına start verib. Sportnet.az-ın məlumatına görə, iyunun 26-da Gürcüstan toplanışını başa vurub, Bakıya qayıdan "qırmızı-qaralar” bu gün növbəti məşqinə çıxıb.
Məşqlərinə ara verməyən Roman Qriqorçukun komandasının günün ilk yarısına təsadüf edən hazırlığı paytaxtda baş tutub. ADBTİA stadionundakı çalışmalarda futbolçular bərpaedici hazırlıq keçib. Komanda növbəti məşqini sabah günün ikinci yarısında keçirəcək.
Qeyd edək ki, "Qəbələ” 2016-2017-ci illər mövsümünə iyunun 30-da start verəcək. "Qırmızı-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu "Bakcell Arena”da keçirəcək. Gürcüstan çempionatının gümüş mükafatçısı ilə görüş 2014-2015 və 2015-2016 mövsümlərində də Avropa Liqasında çıxış etmiş "Qəbələ”nin avrokuboklarda ardıcıl 3-cü mövsümünün startına təsadüf edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
30 iyun
21:00. "Qəbələ” (Azərbaycan) – "Samtredia” (Gürcüstan)
Baş hakim: Denis Şerbakov (Belarus)
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka (hər ikisi Belarus)
Dördüncü hakim: Sergey Tsinkeviç (Belarus)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. "Bakcell Arena” stadionu