AZAL klubunun futbolçusu Ruslan Nəsirlinin "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının açılış oyunundan sonra Sportnet.az-a müsahibəsi...
- Mövsümün ilk oyununda "Neftçi”yə 0:2 hesabı ilə uduzdunuz. Qarşılaşma barədə nə deyə bilərsən?
- Oyuna yaxşı başlamışdıq. İlk hissədə "Neftçi”dən daha yaxşı təsir bağışlayırdıq. Fasiləyə qədər 2-3 qol epizodumuz oldu. Lakin həmin epizodları dəyərləndirə bilmədik. Bəxtimiz gətirmədi. Eləcə də birinci hissədə azlıqda qaldıq. Mənim səhvim ucbatından. Heç nədən qırmızı vərəqə aldım. Bu da komandamızın oyununa təsir göstərdi.
- Qırmızı vərəqə aldığın epizodda hakimin qərarı haqlı idi?
- Hakim heç vaxt qərarını dəyişmir. Qırmızı vərəqə göstəribsə, deməli bunu lazım bilib.
- Meydanı tərk edəndə çox aqressiv idin. Hiss olunurdu ki, qərardan narazısan...
- Bu, emosiyalardır. Bu haqda çox danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, rəqib futbolçu komanda yoldaşımı söydü. Mən də onu itələyərək, belə sözlərin lazım olmadığını dedim. O isə yerə yıxıldı. Yekunda da hakim mənə qırmızı vərəqə göstərdi.
- Ümumiyyətlə, hakimlərin idarəçilyini necə dəyərəndirərdin?
- Hakimlərin işinə qiymət vermək istəməzdim.
- Oyundan sonra baş məşqçiniz Tərlan Əhmədov paltardəyişmə otağında nə dedi?
- Baş məşqçinin paltardəyişmə otağında dedikləri orada da qalmalıdır. Məncə, bunun mətbuata çıxmasına ehtiyac yoxdur.